Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler

  • INQILAB
  • KÖŞE YAZILARI
  • MÜNASİBET
  • PROZA
  • RESMLER
  • TENqid
  • TERCÜME
  • YAZARLAR
  • ŞER
  • özresmler

  • Arkadaşlarım


    Aytamtovun ayıtmaq bacarığı

    Aytmatovun ayıtmaq bacarığı

     

    Aytmatov cəsarəti

     

    Hələ orta məktəbdə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından “Manqurt əfsanəsi”lə bağlı hissəni oxumuşdum. Kitabı tam oxuyana kimi mənə elə gəlirdi ki, roman həmən bu manqurtdan, juanjuanlardan, Ana Beytdən, qədim qazaxların həyatından bəhs edən bir əsərdir. Əsəri bitirəndən sonra məlum oldu ki, “Manqurt əfsanəsi” romanın cəmi 20-30 səhifəsini əhatə edir. Bununla belə bu əfsanə, romanın manqurt hissəsi dildən-dilə dolaşır, Çingiz Aytmatov adı ilə yanaşı işlənir. Bəlkə də Çingizin ən ədəbi uğurlarından biri  bu kiçicik bir hissə ilə özünə məşhurluq qazana bilməsidir.

     

    Məncə bunun başqa səbəbləri də var; bu əfsanənin uydurmadan çox real hadisəyə bənzəməsi, hadisələrin orta əsrlərdə baş verməsi(insanlarda orta əsrlərə dair xüsusi bir maraq var), bu hadisədə insana uyqulana biləcək cəza vasitələrinin ən qəddarının verilməsi, “manqurt” ifadəsinin özünün tarixi, psixoloji, sosioloji, çalarlarının olması.

     

    Çingiz Aytmatov Sovet dövrü ədəbiyyatının böyük yazıçılarından  olmuşdur. Hətta bir ara Nobelə namizədliyi belə irəli sürülmüşdü. Soljenitsn Nobelə ədəbi bacarığından çox siyasi mövqeyinə görə sahib olduğu kimi Aytmatovun Nobelə namizəd olmasında da onun seçdiyi mövzuların Avropa (burada Rusiya da nəzərdə tutulur) üçün yeni, işlənilməmiş, xam mövzular olması idi. Aytmatov əsərlərində, orta Asiya xalqlarının həyat tərzini, unudulmuş adət - ənənələrini, mərasimlərini, folklorlarını əks elətdirsə də, burada o qoyulmuş həddən kənara çıxa bilmirdi. Belə ki, ilk baxışdan özünü adət - ənənələrin keşiyində duran bir adam kimi biruzə verən yazıçı əsərlərində türkçülükdən danışacaq qədər uzağa getmir. Əslində isə özünü adət-ənənələrin qayğıkeşi göstərən yazıçı heç olmaya bir abzas da olsa türkçülükdən yazmalı idi.

     

    Aytmatov türkçülükdən yazacaq qədər cəsarətli deyildi, əks təqdirdə ədəbi qəhrəmanı Abutalıb Kuttubayovun gününə düşəcəyini bilirdi. Soljenitsn isə Aytmatovda olmayan cəsarətini ortaya qoydu və ömrünün bir hissəsini həbsdə keçirirsə belə Nobeli aldı.   

     

    Sartr əqidəsini maddiyyatdan üstün tutduğu üçün Nobeldən imtina eləmişdi. Aytmatov isə Nobelə namizəd olan vaxtlarda görüşünə gəlmiş bir qrup Azərbaycan yazıçısına onlar Aytmatovdan Qarabağ münaqişəsi haqqında fikrini almaq istədikdə mənim bu hadisələrdən xəbərim yoxdur cavabını vermişdi. Bu münaqişə haqqında “artıq” bir şey deyəcəyi təqdirdə Nobeli itirəcəyindən qorxurdu. Belə çıxır ki, Çingiz Aytmatov yuxarıları qıcıqlandırmayacaq qədər adət-ənənə, dəyər keşikçisi, keçmişinə, öz soy – kükünə sayğıyla yanaşan biri olub. O zaman  Aytmatovun işini itirməməkdən ötrü atasının son arzusunu yerinə yetirmək istəməyən Sabitcandan nə fərqi olur?

     

    Oruell sayaq

     

    Mariya Varqas Lyosanın “Gənc romançıya məktub” adlı bir kitabı var.  Orada Lyosa roman yazmağın qaydalarından, onu təşkil edən elementlərdən  danışır. Kitabdakı qaydalardan biri də zamanlararası sıçramalardır. Zamanlararası sıçramalar romançıya hadisələr arasında daha rahat hərəkət etməyə, daha geniş konstruksiya qurmağa imkan verir, romanı daha da zənginləşdirir.

     

    Ayitmatovun “Gün var əsrə bərabər” romanını bu kirteriya baxımından izah edərsək, roman son dərəcə mükəmməl alınmışdır. Roman boyu müəllif oxucunu gah əlli il əvvələ - qəhrəmanın cavanlığına, gah orta əsrlərə, gah da gələcəyə, kosmik aləmə aparır. Oxucu təsəvvüründə həm orta əsrlər dövrünü, həm də kosmik aləmi, dünyadankənar sivilizasiyaları, gələcəyi canlandırmağa çalışır.

     

    İlk adı “Boranlı razyezdi” olan əsərdə hadisələr Sarı –Özək çöllərində yerləşən beş- altı evdən ibarət kiçik bir qəsəbədən danışılır. Qəsəbədən bir neçə kilometr aralıda isə kosmik agentlik yerləşir. Bu agentlikdən kosmosa raketlər buraxılır, elmi təcrübələr aparılır. Sovet hökümətinin var qüvvəsi ilə bütün elmi-texniki nailiyyətləri kosmik fəzanın fəthinə cəlb elədiyi bir vaxtda halda yaxınlıqdakı kiçicik qəsəbədə insanların yaşaması üçün normal şərait yoxdur. Onlar  nəqliyyat vasitələri hələ də dəvə olaraq qalır və bu qəsəbədə yalnız taleyin üz çevirdiyi Qazanqap, Yedige, Abutalıb Kuttıbayov kimi adamlar yaşamağa məcburdurlar. Bu cəhənnəmdə heç kəs öz xoşuna yaşamaz. Əsər boyu oxucunu yazıçının tapıb çıxardığı maraqlı təzadlar müşaət edir.

     

    Çingiz Aytmatov əsərlərinin mövzusu insan, onun iç dünyasıdır. Hakimiyyətin qınağı ilə üzləşməmək üçün də ən rahat mövzu da elə budur. Lakin “Gün var əsrə bərabər”də yazıçı bir az irəli gedə bilib. O sistemdən yazıb, sistemin tətbiq etdiyi qaydalardan, idarə etmə üsullarından yazıb.

     

    “Paritet” kosmik agentliyi, Meşəlidöş planeti, o planetə səfər edən afstronaftlar ilk öncə əsərə yamaq kimi görünsə də yazıçı onu elə tikir ki, o yamaq kimi yox “paltar”ın lazımı detallarından biri kimi göz oxşayır. Yeni sivilizasiyalarla tanışlıq, onların nailiyyətlərini öyrənərək bəşəriyyətin bir neçə il ərzində min illərdə əldə edə biləcəyi nailiyyətləri əldə edə biləcəyi halda ABŞ və SSRİ kimi supergüclər bu inkişafa qarşı çıxırlar. Çünki bu inkişaf tempi onların bəşəriyyət üçün uyğun gördükləri tempə uyğun gəlmir və sivilizasiya sıçraması baş verə biləcəyi təqdirdə onlar dünyanın onların idarəsindən çıxacağını, ən pis halda isə Dünyanın yadplanetlilərin təsiri altında düşəcəyini düşünürlər.

      

    Aytmatov atasının yas mərasimində mənfi obraz – manqurt kimi qələmə verilən Sabitcanın dili ilə hakim güclərin iç üzünü  açır. Düzdür burda elə bir yenilik söyləmir Sabitcan. Sabitcanın gələcək haqqında söylədikləri, sistemin insanlara daha ciddi şəkildə nəzarət edəcəyini, hətta insanının hisslərinə belə nəzarət ediləcəyini söyləsə də bütün bunları yarım əsr əvvəl Corc Oreull “1984” romanında söyləmişdi. Bu da  Çingiz Aytmatovun sistemə “qarşı xəfif” etirazı.

     

    Zootexnikliyin yazıçılığa faydası

     

    “Gün var əsrə bərabər” bir tülkünün ov axtarması ilə başlayır. Tülkü sinə - sinə çöllükdə gəzir, həm özünü təhlükədən qoruyur, həm də ov axtarır. “Ağ gəmi”də isə ana maral əsərin əsas obyektlərindən biridir.  Mən əvvəlcə “Əlvida, Gülsarı” əsərinin adını eşidərkən elə bilmişdim ki, orda qadından danışılır. Sən demə o əsərdə də Aytmatov bir atla bir qocanın taleyindən  danışırmış.

     

    Aytmatovun cavan vaxtlarında  bir müddət zootexniliklə məşğul olduğu məlumdur. Şübhəsiz peşəsinin ona bir faydası toxunub. Onun heyvanları əsərin koloroitini artırmaqdan çox bədii obraz kimi verilib. Tülkü də, ana maral da, Gülsarı adlı at da Aytmatovun qəhrəmanlarıdır, onlar da hiss edirlər, düşünürlər öz davranışları ilə hadisələrə birbaşa təsir edirlər. 

     

    Aytmatovun qadınları

     

    Böyük Vətən Müharibəsindən bəhs edən Azərbaycan əsərlərində müharibənin yaxından – uzaqdan toxunduğu qadın qəhrəmanları hər zaman sevgililərinə qarşı sadiqlik nümayiş etdiriblər. Ərinə sədaqətsizlik etmiş qadın obrazı xatırlamaq istəyəndə təkcə “Tütək səsi” filmini xatırlamaq kifayət edir; müharibədə əri ölmüş qadın başqa bir kişiyə ərə getdikdə bütün kəndin qınaq obyektinə çevrilir. Həm də bu qınaq təkcə hadisənin baş verdiyi kəndin sakinlərində deyil, filmi izləyən tamaşaçılarda da özünü biruzə verir.

     

    Nədənsə mənə həmişə elə gəlirdi ki, Böyük Vətən müharibəsi və eləcə də Stalin repressiyası zamanı ərini, nişanlısını, sevgilisini itirmiş qadınlar heç zaman seksual baxımdan həyatlarını davam etdirməyə çalışmamışlar. Əlbəttə bunlar hisslərimin mənə verdiyi qənaətlərdir. Həyatda belə olmadığı bəllidir.

     

    Aytmatovun qadınları isə bir başqadır. Onun qadınları ərlərini, sevgililərini müharibədə itirsə də yaşamağa davam edir, hər şeydən əvvəl özünün də qadın olduğunu və bir kişiyə möhtac olduğunu anlayır. Buna görə də “Ana Tarla”dakı ərini itirmiş Aliman heç müharibədən bircə il keçməmiş seksual hisslərini boğa bilmir və yoldan ötən bir çobana təslim olur. Aildə isə bu hadisəni öz xeyri üçün istifadə etməyə çalışan, oğlu oğurluq üstə həbs olunmuş bir qadından  başqa heç kəs dinmir.

     

    Cəmilə müharibədə olan ərini tərk edir və öz sevgilisi ilə qaçır.  Müharibədən  bir neçə il sonra Tanabay ərini müharibədə itirmiş Bübücanla yaxınlıq edir. Bübücan əvvəlcə Mahsun Kırmızıgül təbiri bu sevdanın sonu olmadığını anlasa da – Tanabay ailəli idi – öz hisslərini boğa bilmir, gecələri Tanabayın həsriti ilə yatağında qovrulur.

     

    Ən qəribəsi isə odur ki, müəllifin özündə də istər Alimana, istər Cəmiləyə, istərsə də Bübücana qarşı heç bir mənfi münasibət yoxdur. O da ərlərini müharibədə ölmuş bu qadınlara haqq qazandırmağa çalışır, onlara “sizin əriniz bu vətən uğrunda döyüşür, canından keçir, faşizmə qarşı vuruşur, siz bütün ömrü boyu ən məhrəm hisslərinizi buxovlayaraq yaşamağa məhkumsunuz” demir. Bu cür fikirləri isə həmən qadınları top atəşinə tutaraq bir çox yazıçılar söyləyiblər.

     

    Çətin qiymətləndirmə

     

    Çingiz Aytmatovu Azərbaycanda  əvvəllər böyük sovet yazıçısı adlandırırdılar, indisə böyük türk yazıçısı adlandırırlar. Onun “Gün var əsrə bərabər” əsəri təqdirə layiqdir, bir roman üçün mükəmməl  konstruksiyaya malikdir. “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri də maraqlıdır, lakin Kirsk taleyin, səmt küləyinin və bir də bayquşun ümidinə qalıb. Heminqueyin qəhrəmanı qoca Aytmatovun uşaqlarından da cəsarətlidir, o tale filan hərləmir, sahilə çatıb qüvvə toplayandan sonra yenidən dənizlə savaşa başlayacaq.

     

    Aytmatov sovet dövrü ədəbiyyatının kriteriyalarından kənara çıxmadan, neçə illərdən bəri bu ədəbiyyatında oturuşmuş üslubda yazsa da fərqlənməyi, seçilməyi bacarıb. O cavan yaşlarında yazdığı əsərlərində də həmişə özünü müdrik kimi görsətməyə çalışıb. Ağsaqqal oxucuya da özünü müdrik bir insan kimi aşılayıb. Və bunu bacarıb.

     

    Onun barəsində bacardıqca səmimi olmağa çalışıram. Heç bir tərəfin marağından çıxış etmədən oxuduqlarım barədə vahid qənaətə gəlmək istəyirəm. Olduqca çətindir. Şübhəsiz Çingiz Aytmatova ən gözəl qiyməti zaman verəcək. Qoy mənim qiymətim özümdə qalsın.


    Tarih: , 14/4/2009 Kategori: TENqid
    Yorum (0) | Bağlantı

    Atadan olmaq

    Atadan olmaq

     

    Bir dostum var. Mühafizəçi işlədiyi üçün kitab oxumağa bol vaxtı olur. Tanışlığımızdan əvvəl mütaliə səviyyəsi aşağı olan dostumuz indi Çernışevskini, Gertseni, Qonçarovu, Remarkı, Orueli, Bunini oxumuş bir adamdır. Arada Anarı, Elçini də oxumaq istəsə də mən qoymuram. Onun “oxu menyusu”nu özüm tərtib edirəm. Sırada onu Selincer, Turqenev və başqaları gözləyir.

     

    Dostumuz Seymur Baycanın son kitabı “Körpüsalanlar”ı da oxumuşdu. Romanda üstü örtülü verilmiş sevgi səhnələri çox xoşuna gəlib. Amma sonda Ruslanın damarlarını kəsməsini anlamadığını deyir, özünü mazutlu Xəzərə atsaydı daha maraqlı olardı.

     

    İndi isə Çingiz Aytmatovu oxuyur. Birinci cildi mən oxuyuram , ikincini o.

     

    Kitabı ona verdiyim günün səhəri bir də gördüm geri gətirib. O gecə ANS-də rəhmətlik Bəxtiyar Vahabzadənin müsahibəsi efirə gedibmiş. Həmən müsahibədə Bəxtiyar Vahabzadə deyib ki, Çingiz Aytmatovun Nobelə namizəd olan vaxtlarıydı, biz də  - mən və bir neçə başqa şair – yazıçı getmişdik Çingiz müəllimlə görüşə. Biz ona gəlişimiz məramını söylədikdə o dedi ki, mənim heç Qarabağ münaqişəsindən xəbərim yoxdur. O zaman Çingiz Aytmatov Brüsseldə səfir idi.

     

    Rəhmətlik Bəxtiyar müəllimin bu müsahibəsinə baxan qaçqın dostum da Çingiz Aytmatova acığı tutduğundan onun əsərlərini oxumamaq qərarına gəlir. Bunu mənə deyəndə kitabı ondan alıb birinci səhifəni açdım, kitaba yazılmış ön sözü ona göstərdim. Ön sözün müəllifi Bəxtiyar Vahabzadə idi. Dostum bunu görəndən sonra daha heç nə demədi. İndi “Cəmilə” əsərini oxuyur.

     

    Mən isə “Gün var əsrə bərabər” romanındayam. Əvvəla onu deyim ki, prezidentin sərəncamı ilə dərc olunan bu kitabda nə qədər istəsən hərf səhvi tapmaq olar. Ölkə kitabxanalarının zənginləşdirməsi məqsədilə latın qrafikası ilə kitabların dərc olunması əlbəttə ki, təqdirəlayiqdir. Ancaq daha kitabın hər səhifəsində də hərf səhvi olmaz axı. Hələ tərcümədə olan ciddi nöqsanları, buraxılmış söz və ifadələri demirəm.

     

    Sovet dönəmində kitabın son səhifəsində düzəliş vərəqəsi olardı. Həmən vərəqədə kitabda yol verilmiş səhvlər səhifənin nömrəsi ilə birlikdə göstərilərdi. Hərf  səhvlər bir kitabda ən uzağı iki ya üç yerdə olardı. Daha kitabın hər səhifəsində hərf səhvi olmazdı. Özü də bu cür nöqsanlar təkcə  Çingiz Aytmatovun əsərləri dərc olunmuş kitabda deyil, digər kitablarda da var.

     

    Kitabın bir yerində belə bir cümlə var: “Bu qamışların içində də əli ovçular gizlənir ”. Bu cümlədə “silahlı” sözü buraxılıb. Başqa bir yerdə: “Zərifə indiyə qədər qohumlarının göndərdiyi bir məktuba da cavab almamışdı”. Bu cümlədə isə “qohumlarının” deyil “qohumlarına” olmalı idi. Kitabı bir az da diqqətlə oxusan bəs qədər nöqsan tapmaq olar. Amma biz bir o qədər də dərinə getməyək.

     

    Kitablarda gedən səhvlər haqqında bir lətifə də var. Bəlkə eşitmiş olarsınız: Məşhur şairin həyatından bəhs edən kitab çap olunur. Nəşriyyatda bununla əlaqədar toplantı keçirildikdə kitabda cəmi - cümlətani bircə yerdə hərf səhvi olduğu aşkarlanır; çapda “N” hərfinin yerinə “T” hərfi gedib. Naşir bu səhvi elə də böyük nöqsan hesab etməyib kitabın satış məntəqələrinə dağıdılmasına razılıq verir. Kitabı almış oxucular  oxuyurlar: “Məhşur şair ........ 1910-ci ildə aTadan olub.”

     

    P.S. Gələn dəfə mütləq “Gün var əsrə bərabər”dən  danışacam.


    Tarih: , 6/3/2009 Kategori: KÖŞE YAZILARI
    Yorum (0) | Bağlantı

    FRANSIZ


     

     

    FRANSIZ

     

    Məntəqə sədri onu ağ atlı oğlan həsrətiylə gözləyirdi. Elə o özü də arxasınca bir yığın duman buraxaraq 1970 - ci il buraxılışlı “İJ” motosikletində ağ atlı oğlan təki çaparaq gəlirdi. Uzaqdan motosikletin uğultusu eşidiləndə məntəqə sədri bayıra çıxıb artırmada toz – duman qalxan tərəfə boylana – boylana siqaret tüstülətməyə başladı.

     

    Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Onun bu düşük Fransız dili müəllimindən heç xoşu gəlmirdi. Məktəbdə də onunla çox nadir hallarda ünsiyyət qurar, çox vaxt qəbuluna buraxmaz, tez – tez dərslərinə yoxlama göndərər, hər il dərs saatlarını bir az daha azaldıb indi doğum yatağında inləyən gəlininə verərdi. Zatən kənddə cəmi iki Fransız dili müəllimi var idi.

     

    Doğrusu onun əsl adını kənddə kargüzarlıq işləri ilə məşğul olan katibələrdən və bir də dərs dediyi şagirdlərindən başqa hər kəs çoxdan unutmuşdu. Ona bu ləqəbi universiteti bitirib kənd məktəbində müəllim işləməyə başlayandan sonra vermişdilər. Kəndə qayıdanda heç kəs onu tanımamışdı. Buruq saçlarını qismən uzadaraq arxaya daramış, qalın və enli bakenbardlarını sırğalıqlarınadək uzatmış, balaca ağzı ətrafında saqqal buraxmışdı. Şəhərdən yeni gəlmiş bu gənc müəllimdə kəndlilərin bəyəndiyi yeganə müsbət cəhət həmişə kostyumda görünməsi idi. Onsuz kənd camaatı çoxdan müəllimlərin həmişə kostyumda gəzməsinə alışmışdı. Ancaq Fransız özünün qırmızı kəpənək qalstukuyla bu yeganə müsbət cəhətinin də içinə sıçırdı.

     

    Çoxları onun müəllim deyil, aktyor olduğunu sanırdılar. O zamanadək kənddə heç bir müəllimin bu cür klounsayaq görkəmi olmamışdı. Sovetlər dönəmində müəllimlər kəndin ən ciddi adamlarından sayılırdılar. Yas mərasimlərində təkcə müəllimlərin mollanın sözünün qabağına söz gətirməyə cürəti çatardı. Mollalar da bu hazırcavab tayfanın mıxına keçməmək üçün müəllim olan məclisdə planetlərin quruluşundan, dünyanın yaradılışından,  peyğəmbər və imamların möcüzəvi qüdrətlərindən bəhs edən mövzulardan deyil, müəllimlərlə aralarında heç bir konflikt yaratmayacaq dini - əxlaqi mövzulardan, özü də arada Qurandan ərəbcə sitat gətirməklə  danışardılar. Mollaların narahatlıqları yalnız mərasimlərində idman müəllimi iştirak edən zaman qismən azalardı. Sovetlərin dağılması ilə müəllimlərin ciddiyyətləri, sərtlikləri çəkilməyə başladı. Mollalar daha əvvəlki tək onlardan çəkinmirdilər. Sovet dövründə ateist tayfa kimi tanınan müəllimlər indi sürətlə dindarlaşırdılar.

     

    Kəndlilər əvvəlcə onun saç – saqqalını kəsdirib kənd dəbinə salmağa çalışdılar.  Hətta onun bərbər xərclərini çəkməyə, yeni qalstuk almağa sponsor da tapılmışdı. Lakin heç kim onu yola gətirə bilmirdi. O dəvə kimi inadkarlıq göstərirdi. Bu ərəfədə kənddə hamı ona zarafatla Fransız deməyə başlamışdı. Hər kəs onun bu şıltaqlığını cavanlığına bağışlayır, bu şıltaqlığın tezliklə sona yetəcəyi günü səbirsizliklə gözləyirdilər.

     

    Lakin onun şıltaqlığı bitmək bilmirdi. İllər dəyişdikcə onun kəpənək qalstukunun rəngi də kostyumunun rənginə münasib olaraq dəyişir, qırmızıdan göyə, göydən qaraya, qaradan qəhvəyiyə keçir,  dəyişməyən yalnız saçları və saqqalı olurdu. Ona qədər adətən birincilər məktəbə gedərkən onlara kəpənək qalstuklu kostyumlar geyindirsələr də onun bu qalstuku taxmasından sonra daha kənddə uşaqlara kəpənək qalstuk geyindirən olmadı. Təsadüfən kimsə uşağına kəpənək qalstuklu kostyum geyindirərdisə qadınlar o dəqiqə aralarında irişər, həmən uşağın valideynini məsxərəyə qoyardılar.

     

    Fransızın kəpənək qalstuklarından ən çox məktəb direktoru bezar idi. Neçə dəfə kabinetində, müəllimlər iclasında tənbeh etsə də xeyri olmamışdı. Fransız direktorun fikrincə müəllim peşəsinə yaraşmayan bu geyim tərzini dəyişmirdi ki, dəyişmirdi. Hətta məsələ o qədər qəlizləşmişdi ki, direktor Fransızın qalstukunu və saç – saqqal düzümünü dəyişməsi müqabilində ona məktəbin Tədris hissə müdiri vəzifəsini təklif eləmişdi.

     

    Fransızın rədd cavabından sonra onunla mübarizəni öz həyat amalına çevirən direktor bu  məqsədlə daha genişmiqyaslı addım atmağa qərar verdi. Oğluna qonşu rayondan olan fransız dili müəlliməsini aldı. Heç toydan beş gün çəkməmiş təzə gəlinin çiləsinin çıxmasına macal belə vermədən müəlliməni məktəbə işə götürdü. Və nə az nə çox Fransızın dərs saatının düz yarı hissəsini öz gəlininə verdi.

     

    Direktorun bu əməlindən sonra Fransızın dolanışığının necə keçməsi heç kəsi maraqlandırmasa da allah onun üçün pul yetirirdi. Elə o səbəbdən də evləndi.

     

    Amma evlənmək məsələsi təkcə onun istəyi deyildi. Fransızdan  daha çox onun evlənməyini kənd camaatı istəyirdi.  Kəndin ağbirçəkləri ipə - sapa yatmayan Fransızın anasını başa salmışdılar ki, oğlu evlənsə özünün bu mütrüf görkəmindən əl çəkər. Ailə onu ciddiləşdirər, heç birinci uşağı doğulmamış saç – saqqalını da kəsdirər, kəpənək qalstukunu da çıxarar.

     

    Axı nə olsun ki, Fransızın anası onu evlənməyə razı sala bilmişdi? Kənddə Fransıza ərə getmək istəyən ki, yox idi. Heç kəndin şili – şikəsti də ona ərə getmək istəmirdi. Uzun sürən axtarışdan sonra qonşu kəndlərin birindən ona ərə gedə biləcək bir qız tapdılar.

     

    Toya qədər Fransız nə qədər nişanlısı ilə  görüşməyə can atsa da nə anası, nə də qohum-qonşular ona bu imkanı verdilər. Səbəb isə onun xarici görkəmindəki biəndamlıq idi. Fransız da tərs idi. Qadağalara baxmayaraq axır ki, toya qədər nişanlısını bulaq başında uzaqdan da olsa görə bildi. Qız düşünüləcək qədər çirkin deyildi. Hətta Fransız onda bəyəniləcək bir şeylər də tapdı. O an xəyalından seyr etdiyi fransız filmləri, Eyfel qülləsi, işıqlı və romantik Paris gecələri keçdi. Hətta bir ara qıza qarşı yaranmış istəyindən vəcdə gələrək elə bulaq başındaca “JE  T`AİME”  deyə bağırmaq da istədi.

     

    Fransızın seyr etdiyi filmlərdəki aktrisalara olan eşqini nəzərə almasaq demək olar ki, o heç vaxt aşiq olmamışdı. Fiziki eşqi olan tələbatını isə yalnız arada sırada rast gəldiyi ötəri qadınlarda ödəyirdi. Zifaf gecəsi qızın lal olduğunu öyrənənədək sürəcək bu eşq onun ən böyük məhəbbəti idi. Qız lal olduğu üçün valideynləri qızlarının evdə qarıyacağından qorxaraq  Fransıza verməyə razı olmuşdular. Yoxsa heç kim sağlam qızını mütrüfə ərə verərək elin dilinə düşməyə razı olmazdı.

     

    Hər bir eşq özünün romantikası ilə böyükdür. Romantika nə qədər genişmiqyaslı və fantastik, ağlasığmazdırsa eşq də o qədər uzun ömürlü və böyükdür. Eşq məhv olmamışdan öncə onun romantikası ölür, eşqin gəlişindən sonra yaranan romantika, səmada qanad çalan arzular, xəyallar  qəzaya uğramış təyyarə kimi təhlükəli enişə başlayan zamanda eşqin də sonu başlayır. Arzular, xəyallar eşqi göylərə qaldıran mühərriklərdir.

     

    Fransızın qısa sürən bu eşqinin də özünəməxsus romantikası, xəyalları vardı. O bu xəyallarda evlənəcəyi qadınla Paris küçələrində dolaşırdı, Eyfel qülləsinə çıxırdı, Luvrda gəzirdi, Senanın sahilində əl-ələ tutub fransızsayağı öpüşürdü.

     

    Zifaf gecəsi incəliklərinə çox varmadan söyləyək ki, adaxlısının lal olduğunu öyrəndiyində Fransız hədsiz dərəcədə qəzəblənərək aldadıldığını anladı  və bu aldanılışının acığını yazıq gəlindən çıxdı. Səhərə yaxın gəlin xəstəxanada həkimlərin əli altında zarıyarkən o əlində tutduğu şampan piyaləsiylə eyvanda oturduğu stulu iki qıçı üstündə divara söykəyib sübh günəşinin qızartdığı üfüqlərə dalaraq məhv olmuş xəyallarını düşünürdü.

     

    Fransızın içini yandıran arvadının lal olması deyildi. Guya lal arvadla Fransaya getmək olmurdumu? Fransız özü də bilirdi ki, əgər yaxın bir neçə onillikdə heç bir möcüzə baş verməzsə o Fransaya filan gedəsi deyil. Eşq gerçəkləşmək imkanları olan ən böyük uydurmadır. Fransız gerçəkləşə biləcəyini düşündüyü arzuları da aldadıldığını anladığı anda yox oldu. Onun aldanılışı xəyallarını məhv edəcək qədər güclü idi.

     

    Fransızın ikinci xəyal qırıqlığı isə toyun eyforiyası bitdikdən sonra, o arvadı ilə sakit həyata başladıqları günün axşamı oldu. Gecə sevişməsi zamanı öpüşmə əsnasında arvadının  dilsiz olduğunu öyrəndi.  Oysa onun çox sevdiyi xəyallarından biri də bir qadınla fransızsayağı öpüşmək idi. Təzə gəlin uşaq ikən qonşu arvadı pis söyüşlərlə söydüyü üçün anası bu “tərbiyəsiz uşağ”ın dilini kəsmişdi. Fransız arvadının ağız boşluğundan cavahirat tapmadan geri dönən qızılaxtaranlar kimi məyus halda qayıdan dilini dişlərinin altında möhkəmcə sıxıb səssiz əzabla yuxuya getdi.

     

    Fransız seçkilərdə ömründə cəmi bircə dəfə, o da işçi çatışmadığı üçün nəzarətçi kimi iştirak etmişdi. Onda da hər seçkidə məntəqə sədri olan direktorun anadan əmdiyi südü burnundan gəlmişdi. Sədr Seçki məntəqəsinə gəlib səs vermək iqtidarında olmayan xəstələr və qocalar üçün seçki qutusu evlərə aparılan zaman saxta bülletenləri qutulara atdırmağı planlaşdırdığı halda Fransız evlərə gedən qutuların üstündə olduğundan direktora bu fürsəti verməmişdi. Yuxarıdan tapşırılmış namizədin adının qutudan çıxmamasına görə direktorun başı çox ağrıdı, hətta vəzifədən uzaqlaşdırılmaq təhlükəsinə düşdü. Lakin min bir əziyyətdən sonra (yüz baş inəklik fermasını satası olmuşdu) vəzifəsində qala bildi. O zaman and içdi ki, bir daha heç bir seçkidə Fransızı yaxına buraxmasın. Sonra isə Fransızın artıq yarıbayarı azalmış dərs saatlarını  yenə də azaldaraq gəlininə ötürdü.

     

    Fransız da o qədər  “başından vur pəpəsini al” adam deyildi. Əlinə fürsət düşəndə gözünü qırpmadan tısbağa kimi direktorun belindən basır, hərəkət etməyə imkan vermir, öz heyfini çıxırdı.  Son zamanlar isə direktoru lap gözüm çıxdıya salmışdı.

     

    Direktor məktəbin düz girişində “məktəb ləvazimatları” adı altında nəvəsi Sonanın adına “Sona” Gözəllik salonu tikdirmişdi. Məktəbdə işləyən bütün qadın müəllimələrinə də tapşırmışdı ki, yalnız “Sona” Gözəllik salonunda bəzənsinlər, yoxsa işdən çıxaracağı ilə hədələyirdi. Müəllimlərin onun tapşırığına əməl etmələri bir qırağa dursun yeniyetməlik çağlarına çatmış məktəbli qızlar da vaxtlarını məktəbdən daha çox   salonda keçirir, sevgililərini başdan çıxarmaq üçün beşcə dəqiqə davam edən kiçik tənəffüslərdə belə vaxt tapıb salona baş çəkir, saçlarını, üzlərini salonun işçilərinə bəzətdirirdilər.

     

    Amma elə ki, məktəbə rayon təhsil şöbəsindən, nazirlikdən və ya şəhərdən kəndə yüksək rütbəli məmurların gələcəyi gözlənilirdi, onda salon öz işini dayandırır və salonun düzbucaqlı üçbucağa bənzəyən maili damına yazılmış “Sona” Gözəllik salonu adını “Məktəb ləvazimatları mağazası” ifadəsi əvəz edərdi. Amma hələ bu vaxtadək həmən “Məktəb ləvazimatları mağazası”ndan bir dənə qələm belə alan olmamışdı.

     

    Kənddə heç kəs direktorun bu işləklərinə qarşı çıxmazdı. Fransızdan başqa. Daha fransız hər dəfə direktorla arası portlaşanda və yenə də dərslərinin bir hissəsini itirmək təhlükəsi ilə qarşılaşanda hirslənib özündən çıxmır, eyhamla məktəb ləvazimatları adı altında gözəllik salonu tikdirdiyini direktorun yadına salmaqla kifayətlənərdi. Bu kiçicik şantajdan sonra hər dəfə direktorun  pısı bir müddət lap yatardı.

     

    Bir dəfə səhər dərsə gələr - gəlməz həmişə Fransızı qəbul otağında saatlarla gözlədən direktor onu otağına aldı. Otaqdan ürək dərmanının kəskin qoxusu gəlirdi. Direktorun arxa tərəfindəki  rəfdə tədris-metodiki tövsiyələrdən ibarət kitablarla yanaşı dövlət məmuru olaraq kitab rəfində yerləşdirməyə mükəlləf olduğu siyasi kitablar, Quran və dindən bəhs edən digər kitablar düzülmüşdü. Direktor tez – tez şkafda dikinə qoyulmuş Qurana işarə edərək “Arxamdakı Qurana and olsun!..” deməyi xoşlayardı. O gah hay - küylə, gah da astadan yazıq səslə danışır, onun mərdimazarlığının səbəbini soruşurdu. Fransızın özünü heç nədən xəbəri yox kimi aparması direktoru lap haldan çıxarırdı.   Səbri usanan direktor əsəbi halda ötən günki “Azadlıq” qəzetini qapı ağzında boynu bükük dayanıb saqqalını tumarlayan Fransıza sarı tulladı. Fransız direktorun qəbulundan çıxarkən əlində tutduğu qəzetə ötəri nəzər salaraq hadisədən xəbərdar olduqdan sonra xımı – xımı gülümsədi.

     

    Rayon mərkəzinə  qəzet və jurnallar çap olunduğu günün yalnız günortadan sonrası Bakıdan rayona gələn ilk avtobusla gəlib çıxardı. Ətraf kəndlərə isə ancaq həmən günün sabahı təbii ki, onu da kənd adamlarından alan olsaydı gəlib çıxırdı.   Bu qəzetlərin bir hissəsi dövlət və aparıcı müxalifət partiyalarının qəzetləri idi. Qalan və tələbatın daha çox olduğu böyük bir hissəsini isə idman, qoroskop və sentimental sevgi hekayələrindən bəhs edən qəzetlər təşkil edərdi. Rayona gələn müxalifət qəzetlərini rayondakı müxalifətçilərdən çox yerli icra hakimiyyəti orqanlarının işçiləri və digər kiçik çaplı məmurlar əsasən qəzetdə özləri və işçisi olduqları struktur haqqında “xoşagəlməz” informasiyanın gedib getməməsindən xəbərdar olsunlar deyə  alardılar. Bu cür məmurlardan biri də direktorun Rayon  Təhsil Şöbəsində işləyən dostu idi.

     

    Direktorun dostu həmişəki ki, kimi yenə də müxalifət qəzetlərini alıb iş otağında ciddi axtarışa başlamış və “Azadlıq” qəzetində Qan Turalının köşəsində sənətdaşının “ildə bir yol...” məktəb ləvazimatları mağazasına çevrilən gözəllik salonunun əhvalatını oxuyar - oxumaz ona zəng çalmış, dalıycan da qəzeti taksi ilə bir baş direktorun qapısına yollamışdı. Məqaləni oxuyan direktorun gözünə səhərədək yuxu getməyir, ürəyini tuta – tuta “yaxşılıq qanmayan” Fransızı o ki, var söyür, səhər isə məktəbə gələn kimi o dəqiqə qəbuluna çağırtdırır.

     

    Fransızın həqiqətən də qəzetdəki məqalədən xəbəri yox idi. Bu işdə əli olmasa da Qan Turalının köşəsinin ona karı toxundu. Tezliklə gah itirib gah geri qaytardığı dərs saatlarının bir hissəsini direktor yenidən geri verdi.

     

     

    Bu hadisədən sonra onların münasibətləti daha da pisləşərək İran –ABŞ münasibətlərinə dönmüşdü. Nə vaxt rastlaşsalar biri o birini işdən qovacağı ilə hədələyir, o biri də işdən qovulacağı təqdirdə direktorun məktəbin ağzında gözəllik salonu tikdirməsi barədə nazirliyə yazacağı ilə qorxudurdu. Beləcə onların “soyuq müharibəsi” acı bağırsaq kimi uzanırdı. Fransızın axırıncı dəfə Bakıda olarkən özünə yeni al qırmızı kəpənək qalstuk alması direktoru lap özündən çıxarırdı.

     

    Seçki günü sədr Fransıza zəng edib məktəbə çağıranda o təhlükəli bir şey olduğundan şübhələndi. Birinci və axırıncı dəfə iştirak etdiyi seçkidən sonra nə özünün bir də həvəsi olmuşdu seçkilərə qatılmağa, nə də onu seçkiyə dəvət eləyən olmuşdu. Buna görə də Fransız nəsə gözlənilməz bir hadisənin baş verdiyindən duyuq düşdüyü üçün “silahı”nı  - axırıncı dəfə Bakıda olarkən aldığı al qırmızı kəpənək qalstukunu da taxdı.

     

    Çeşt vaxtınadək məntəqədə hər şeyin sədrin ürəyincə getdiyi halda birdən iki maşın məntəqənin qarşısında dayandı. Artıq bir həftədən çox idi ki, gözəllik salonu öz fəaliyyətini dayandırmış, tikilinin qabağına asılmış “Sona” gözəllik salonu yazısını “Məktəb ləvazimatları mağazası” əvəz eləmişdi.

     

    Gələnlər xarici müşahidəçilər idilər. Əvvəlki seçkilərdə xarici müşahidəçilər   adətən məntəqəyə gəlib beş – on dəqiqə seçkinin gedişatı ilə maraqlanar, neqativ hallara rast gəlmədikləri (neqativ hallar əsasən qutular sayılmağa aparıldığı vaxt baş verərdi) təqdirdə ləngimədən digər məntəqələrə yollanardılar.

     

    Bu dəfə nədənsə belə olmadı. Gələnlər xarici müşahidəçilərdən iki xanımı məntəqədə saxlayıb digər məntəqələrə yollandılar. Əllərində qələm və bloknot tutmuş xanımlar dinməzcə məntəqədə dolaşırdılar. İkisi də ortayaşlı olsalar da dar cins şalvar geymiş xanım incəbel, sarışın idi, tarım çəkilmiş şalvar qadının bədəninin füsunkarlığını məharətlə sərgiləyirdi. Digər xanımın geydiyi şalvardan isə iri dalı pırtlayırdı. O ağlagəlməz dərəcədə kök idi.

     

    Xanımlar onlarla münasibət quran hər kəsə elə gülərüzlə cavab verirdilər ki, sanki bura məntəqədə baş verə biləcək neqativ halları qeyd etməyə deyil, ziyafətə gəlmişdilər.

     

    İşə sədrin birinci girişməsi ilə məlum oldu ki, xanımlar rusca çox pis, hətta demək olar ki, heç bilmirlər. Xanımların qıçın belin sındırdıqları rus sözlərini də anlamaq olmurdu. Belə olan təqdirdə sədr məktəbdəki  iki ingilis dili müəlliməsinin ikisini də təlimatlandıraraq xanımların üstünə göndərdi. Bir az sonra onların söhbətlərindən məlum oldu ki, müşahidəçi kimi gələn xanımların hər ikisi fransızdırlar. Tərslikdən məktəbdə bir nəfər də kişi ingilis dili müəllimi yox idi, bu fransız xanımlarla ünsiyyət qurmağa bacarsınlar. Sədrin fikrincə fransız kişilər öz nərmənaziklikləri, davranışları, incəlikləri, kübarlıqları ilə başqa xalqların kişilərinə baxanda qadınsayaqdılar, o ki, qaldı fransızların qadınları ola. Fransız kişisi alman qadını qədər incə və kübardır. Fransızların bu xüsusiyyətlərini nəzərə alan sədr xanımların başlarını yalnız kişi xeylağının qata biləcəyini düşünürdü. Həm də xanımlar ingilis dili müəllimələri ilə olan söhbət əsnasında eyhamla bildirdilər ki, öz işlərini atıb söhbətə qoşulmaq heç də yaxşı hal deyil. Müəllimələr əcnəbi xanımların axırıncı danışıqlarını tərcümə etdikdə rəngi – ruhu dəyişən sədr  bir qədər keçəndən sonra müəllimələrə öz işlərinin başlarına qayıtmağı tapşırdı və dərhal da müavini ilə məsləhətləşmələrə girişdi.

     

    Sədr əgər bir yol tapıb müşahidəçi xanımların başlarını qatmazsa  ən azı illərdir dişlə  - dırnaqla qoruyub saxladığı məktəb direktoru vəzifəsini itirəcəyini gözəl bilirdi. Odur ki, kabinetə keçib müavini ilə uzun məsləhətləşmələrə başladı. Tərslikdən Fransız dili müəlliməsi olan gəlini də doğum yatağında zarıyırdı. Çoxdandır işləri belə tərs gətirməmişdi. Gərək iki ingilis dili müəlliməsinin ikisini də birdən seçki prosesinə cəlb edərdi? Gəlini də doğmağa vaxt tapmışdı. Hər dəfə işi çətinə düşəndə arvadının tez-tez təkrar etdiyi fikri yadına düşdü. Sədr mövhumata bir o qədər inanmasa da qərara aldı ki, bu işini də salamatlıqla ötüşdürəndən sonra mütləq hər dəfə təxirə saldığı qaraçuxası üçün yasin oxutdurmaq məsələsini həyata keçirsin.

     

    Nəhayət ki, müavinin məsləhəti ilə işə Fransızı cəlb etmək qərarına gəldilər. Düzü Fransıza işi düşməsi onun ürəyindən deyildi. Amma başqa əlacı da yox idi. Dilini dişinə tutub Fransıza zəng edərək məktəbə çağırdı. Əlac təkcə ona qalmışdı.

     

    Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Amma bu dəfə qoluna girib kabinetinədək rəfaqətlik elədi. Sədrin ona olan işgüzar təklifinin qarşısında o da bir neçə bənddən ibarət olan təkliflər paketini irəli sürdü. Sədr azca nəm - nümdən sonra çarəsizliklə razılaşdı. Bayıra çıxarkən ələ-ələ verib görüşdükdən sonra Fransız qəbul otağında divara yapışdırılmış bədənnüma güzgünün qarşısında saçlarını tumarladı, üst – başını qaydaya saldı və al qırmızı kəpənək qalstukunun hər iki qanadından tutub dartışdırdı.

     

    İlk dəqiqədəncə müşahidəçi xanımlarla o qədər emosional, səmimi münasibət qurmuşdu ki, kənardan baxan onu digər əcnəbilərdən ayırammazdı. Sanki üç fransız Paris meydanlarından birində dayanıb hər üçünə doğma olan bir mövzu ətrafında danışıb, deyib - gülürdülər.  

     

    Artıq günorta olduğu üçün Fransızın xanımları nahara dəvət etməsi ilə üçü də məntəqədən çıxdılar. İncəbel xanım Fransızın tərkinə, gombul xanım isə  lülkaya minib brezent örtüyü üzərinə çəkdi. Fransız da gözünün altına, alnına  yapışaraq üzünün yarısını tutan şəffaf, qoruyucu eynəyini taxıb motosikleti bir təpiyə işə saldı. Motosikleti yerindən tərpənərkən incəbel xanım bərk - bərk  onun belini qucaqlamışdı. Ətrafdakı qadınlar əlləri üzlərində təəccüblə motosikletdəkilərə baxırdılar. Kənddə heç bir qadın xüsusən də müəllimələr motosikletə minməzdilər. Hətta Fransızın xanımı da çox nadir hallarda,  o da yalnız axşam düşəndə ərinin motosikletinə minərdi. Qadınlar heyrətlə uzaqlaşan motosikletə baxırdılar.

     

    Fransız motosikleti döndərib məktəbin həyətindən çıxan zaman bir anlıq əylədi və başıyla indi məktəb ləvazimatları mağazası olmuş gözəllik salonuna işarə edərək xanımlara nəsə söylədi. Sədr Fransızın qonaqlara nə söylədiyini təxmin etsə də, bunun onun üçün nəylə nəticələnəcəyini kəsdirə bilmədi; Şərq müəmması deyə üstündən keçəcəklər, yoxsa yuxarı instansiyalarda bu barədə məsələ qaldıracaqlar. Məntəqə sədri bunun haqqında sonra düşünməyi qərara alaraq işlərin qaydasında getməsinə nəzarət etmək məqsədilə içəri keçdi.

     

    Fransız xanımları kəndin ətrafında bir xeyli gəzdirdikdən sonra Almalı meşəsinə   qalxan yolun üstündəki restorana gətirdi. Restoran dağın döşündə yerləşirdi. Buradan baxanda üç tərəfdən dağlarla əhatə olunmuş kənd amfiteatra bənzəyirdi. Fransız əvvəlcədən restorana zəng edib pəncərəsi kəndə açılan kabinetlərdən birini bronlamış və əcnəbi xanımların xahişləri ilə ən ləziz milli xörəklərdən sifariş vermişdi. Əvvəlcədən razılaşdıqları kimi restoranın hesabını sədr ödəyəcəyi üçün Fransız qonaqların süfrəsinin səxavətlə bəzədilməsinə çalışırdı. Bunu həm qonaqların qarşısında xəcalətli qalmamaq həm də, sədri daha çox “tərlətmək” üçün edirdi.  Ona görə də administratoru çağırtdıraraq keçən dəfədən restorana qalan borcunu da bu hesaba yazmasını sakitcə tapşırdı.

     

    Qonaqlar kabinetə keçəndə süfrə tamamilə bəzədilmiş, ofisiantlar xörəkləri süfrəyə vermək üzrə hazır dayanmışdılar. Fransız qədəhlərə süzülən tut arağını xeyli təriflədi. Elə qonaqlar da ilk qədəhdən sonra onun təriflərinə qoşuldular. 

     

    Amma söhbətin əsas mövzusu araq deyildi. Fransız Paris haqqında sanki orada doğulub boya – başa çatıbmış kimi coşqunluqla danışırdı. İlk dəfə Fransız dili və Fransa haqqında biliklərini boşaltmağa imkan tapmışdı və bu imkanından böyük məharətlə yararlanırdı. İçkinin və şirin söhbətin verdiyi nəşənin təsiri ilə mövzu gəlib sevgi və sex üzərində dayananda gombul xanım bu iki sərxoşun gözlərindəki qığılcımdan bir azdan nə baş verə biləcəyini aydınca oxudu. İncəbel, sarışın xanım Fransızın buraların dəbinə uyğun gəlməyən tərzindən danışır və qısa saqqalının ona çox yaraşdığını söyləyirdi. Söhbət əsnasında incəbel xanımın çox ehtirasla fransızsayağı öpüşməyi bacardığını söyləyərək Fransızın lap çoxdanki -  bir zaman evlənərkən kamına yetəcəyini düşündüyü, lakin uğursuzluğa düçar olan arzusunu  yadına saldı. İndi o daha çox incəbel xanımın danışdıqca yerində rəqs edən qırmızı dodaqlarına, çəhrayı dilinə və dilinin üstündəki cuppulu gümüş pirsinqinə nəzər yetirir, içini dili ilə pirsinqə toxunmaq kimi qaynar bir arzu bürüyürdü.   

     

    Artıq gombul xanımın kabineti tərk etmək vaxtı gəlib çıxmışdı.  Onsuz gombul xanım lap əvvəldən bu söhbətlərdə  az iştirak edirdi.  Elə o özü də vəziyyətin nə yerdə olduğunu anladığı üçün siqaret çəkmək bəhanəsiylə çantasını götürüb bayıra çıxaraq qurdla quzunu kabinetdə tək buraxdı.

     

    Bir qədər sonra çaydaşı döşənmiş kənd yolları ilə səntirləyə - səntirləyə  yeriyən sərxoş gombul xanım doğma dilində bomba dalğası kimi ətrafa yayılaraq kəndi üç tərəfdən saran dağlarda bir neçə dəfə əks səda verən tanış kişi səsi eşitdi: JE T`AİME.


    Tarih: , 25/2/2009 Kategori: PROZA
    Yorum (0) | Bağlantı

    Atamla men qerbli olsaydıq

    Atamla mən qərbli olsaydıq

     

    Keçənlərdə Çarlz Bukovskinin həyatından bəhs edən bir kitab oxudum. Maraqlı idi. Adam bütün ömrünü içkiyə versə də dəyərli əsərləri ilə yadda qalıb. Həyatı kimi əsərləri də içkiylə sekslə doludur. Amerikanın müasir şairlərindən biridir.

     

    Lakin məni daha çox düşündürən Bukovskinin valideynlərinə qarşı münasibəti oldu. Adam valideynlərindən nifrət edirdi. Bəs səbəb nə idi?

     

    Atası onu bir neçə dəfə döymüş, hətta bir dəfə evə içkili gəldikdə döşəməyə qaytardığı üçün burnunu öz qusuntusuna  batırmışdı. Bunlar bir övladın atasına nifrət etməsinə səbəb ola bilərmi, əcəba?

     

    Öz uşaqlığım gəlir ağlıma. Saysız dəfə döyülmələr, danlaqlar, nəfəs kəsən yumruqlar, məni zebraya bənzədən bədənimdəki saysız, çubuq izləri. Bu döyülmələrin heç biri səbəbsiz deyildi. Hamısını burda sadalayan deyiləm ki.

     

    Atam məni o cür iyrənc bir üsulla heç vaxt cəzalandırmayıb. Yəni burnumu öz qusuntuma batıraraq. Amma əlimi isti sobaya basdırıb. Bunun da səbəbi olub.

     

    Bir dəfə bazardan qayıdarkən birinin “kişi oğlu”sansa bu zənbilə bir yumruq ilişdir deməsi ilə bir an düşünmədən sol əlimlə (mən solaxayam, solla qol güləşdirmək istəyən varsa e - mailimə yaza bilər) yumurtayla dolu zənbilə bir yumruq atmışdım. Evə gəldiyimizdə anam hamısını atama danışdı. Atam isə içindəki hirsi gizlədən bir gülümsəyişlə mənə dönərək: “əgər kişi oğlusansa zənbilə yumruq atdığın əlini bir də sobaya bas” -  dedi. Qürurlu bir tərzdə sobaya yaxınlaşaraq əlimi qaynar səthinə bir neçə dəf toxundurmağa cəhd etsəm də “kişi oğlu” olduğumu isbatlamağa cəsarətim çatmadı. Bunu mənim əvəzimdən atam edəsi oldu. Bir gün əlim su dolu bankanın içində gəzəsi oldum.

    Buna bənzər cəzaları çox saya bilərəm. Bəlkə də Bukovski mənim yerimə olsaydı məhşur şair kimi deyil, ata qatili olaraq yadda qalardı.

     

    Mənimsə içimdə heç bir zaman atama qarşı sevgidən başqa bir şey olmadı. Hisslərə qapılaraq atam  haqqında pis təəssürat yaratdımsa da bunu atam barədə oxucunu məlumatlandırmaqla düzəldək.

     

    Zəhmətkeş bir ailə sahibidir atam. Hər zaman ailəsini bütün istəklərinin önündə tutub. Anladığınız kimi toplumdakı əksər atalar kimidir atam.

     

    Heç kəs də uşaq vaxtı atasının onu döymədiyini iddia etməsin. Hər kəs uşaqlıqda atasından aşağı yuxarı bir şillə yemişdir.

     

    Atam da məni çox sevir, bilirəm. Bəs o zaman onun mənə bu qədər AĞIR CƏZA verməsinin səbəbi nə idi? Günahımın da AĞIR olması. Bir zənbil yumurtanı məhv eləmişdim. Halbuki o 6 nəfərlik bir ailənin həftəlik rasionunun bir hissəsiydi. Atamın məni bu cür cəzalandırlmasının psixolji səbəbləri yox idi. Şüurlu addım idi. Bu cəza üsulunu dərk edərək tətbiq etmişdi. Çünki yaşadığı cəmiyyət, adətlər, dünya görüşü, dini bunu tələb edirdi.

     

    Oxşar cəza üsulu keçənlərdə İranda da tətbiq olundu. Ona ərə gəlmək istəməyən qızın üzünə turşu ataraq kor etdiyi üçün oğlana da məhkəmə gözlərinin kor edilməsi hökmünü kəsdi.

     

    Atam qərbli olsaydı mənə bu cür cəza verərdimi? Əlbəttə ki, yox. Onun yaşadığı mühit “oğlunun həftəlik pul xərclərini kəs”, və ya “bir həftə uşaqlarla oynamağa buraxma” deyərdi. Amma heç vaxt oğlunun əlini isti sobaya basaraq cəzalandır deməzdi.

     

    İnanmıram ki, Bukovskiyə birisi “kişi oğlu”sansa bir zənbil yumurtaya yumruq at” çağırışına mənim kimi cavab verəydi. Onun cavabı mütləq bu cür olacaqdı: “get bu məsələni onun özü ilə həll et”.

    Mənsə belə etməmişdim. Vandalcasına atamın oğlu olduğumu sübut etməyə çalışmışdım. Düşüncəsizcəsinə. Çünki şərqli bir atanın şərqli övladıyam. Və “şərqli”  günahın da “şərqli” cəzasını almışdım.


    Tarih: , 25/2/2009 Kategori: KÖŞE YAZILARI
    Yorum (0) | Bağlantı

    QAZZADA ANNA FRANK


     Qəzzada Anna Frank

     

    Ərdoğanın Davosdakı nitqindən sonra aləm bir-birinə dəydi. Adamın həqiqətən də güclü nitq qabiliyyəti var. İstanbul bələdiyyə başqanı olan zamanlar bir şer diski də çıxarmışdı.

     

    Gənc jurnalist Seymur Verdizadə deyir ki, Ərdoğanın bu çıxışı öncədən düşünülmüş və sırf elektorata hesablanmışdır.

     

    Bu nitqin Türkiyənin xarici siyasətinə də təsirsiz ötüşməyəcəyi, beynəlxalq aləmin Türkiyəyə münasibətini dəyişəcəyi məlumdur.

     

     Abdullah Gülün Səudiyyə Ərəbistanına səfəri, orta Şərqdə özünə yeni dayaqlar axtarması da bu üzdəndir.

     

    Davosda bir fikir səsləndi. Və bu fikirdə həqiqət işartıları var idi. Bu nitq əzilən bir xalqın iniltilərini, haqq səsini çatdırdı dünyaya dünyanın gözü və qulaqları Davosdaykən.

     

    Bu fikri kimin səsləndirməsi önəmli deyil. Bunları Çeçenistanda günahsız insanların qanını tökmüş Putin də səsləndirə bilərdi, İraqda bir milyon insanın qətlinə fərman vermiş Buş da. Amma Ərdoğan səsləndirdi.

     

    Mən Erdoğan simpatizianı deyiləm, biləks onun Türkiyəni orta əsrlərin qaranlıq dünyasına götürdüyünü, layiq Türkiyə Cümhuriyyəti yerinə islam dövləti qurmağa çalışdığını düşünürəm. “İkinci İran”ın bizə heç bir faydası olmayacağını da bilirəm.

     

    Ərdoğoan Nobel Sülh mükafatçısı Şimon Peresə “Sən insanlığa qarşı cinayət eləmisən!” deməkdə haqlı idi. Və bu cümlələri böyük natiqlik bacarığı ilə deməsi nitqini daha da qüvvətləndirdi.

     

    İsrailin Qəzzanı bombardmanının məqsədi Həması zərərsizləşdirmək olsa da orda min üç yüzdən çox günahsız insan öldürüldü.

     

    E-mailimə gələn şəkillərdən dəhşətə gəldim. Qundağlarını kəfənə dəyişmiş körpə yavrucaqlar. Onlar hələ ana döşlərini belə düzəməlli görə bilmirdilər.  Onlar hələ bomba səsləri ilə ana laylasını ayırd edə bilmirdilər. Onlar hələ silahla gülü seçə bilmirdilər.

     

    Qəzza bezib  bu bitməz- tükənməz müharibədən. Nə qədər ölüm görmək olar?! Nə qədər yaxınlarını itirmək olar?! Yoxmudur Qəzzada kimin qalib gəlməsinə önəm verməyən insanlar?! Əlbəttə var! Və onları düşündürən yalnızca yaşamaqdır. Sakit bir guşədə silah səslərini, aramsız ağlayışları eşitmədən, dağılmış binaları, uçmuş körpüləri, sındırılmış ağacları görmədən yaşamaq!

     

    Qəzzada arzular puç olur. Ümudlər qırılır. Burada həyatla mübarizə aparmırsan, həyat özü səni mübarizə vasitəsinə çevirir.

     

    Uşaq vaxtı bizdən böyüyəndə kim olacaqsan deyə soruşanda hərəmiz bir şey söyləyərdik; polis, müəllim, şofer, kosmonavt (çox az adam kosmonavt olmaq istəyərdi), futbolçu, həkim və s.

     

    Qəzza uşaqlarının arzulayacaqları bir şey yox. Zatən arzulasalar belə mənası olmayacaq. Ya böyümədən ölməyə, ya da terrorçu olmağa məhkumdurlar. Onların alnına bu yazı yazılıb. Bizim taleyimiz BİR QƏDƏR özümüzdən asılıdır, onların taleyi isə özlərindən HEÇ asılı deyil.

     

    İkinci Dünya Savaşından sonra bir çox müharibə iştirakçılarının xatirələri dünyada maraqla qarşılandı. Bu xatirələr, gündəliklər dəfələrlə tirajlanır dünyanın hər yerində oxunurdu. Onlardan biri də Anna Frankın gündəliyi  idi.

     

    Yəhudi əsilli idi. Müharibə başlayanda ailəsi ilə iki ilini Niderlandda bir evin sığınacağında keçirdi və bu müddət ərzində düşüncələrini, hisslərini tutduğu gündəliyə qeyd elədi. Sığınacaqları aşkar olunduqdan sonra onu alman lagerinə apardılar. Orada tifdən öldü. Atası müharibədən sonra onun gündəliyini çap etdirdi. Anna Frankın gündəliyi bütün dünyada böyük maraqla qarşılandı. Bu gündəlik tirajlanır. Onun haqqında film də çəkilib.

     

    Kim bilir bəlkə bu qızcığaz yazar olmağı arzulayırdı. Özü buna şahidlik edə bilməsə də bu arzusu müəyyən miqdarda alındı. Qəzzada isə bir hərf belə yazmağa öyrənə bilmədən qəfil gülləyə tuş gələn uşaqlar var.

     



     


    Tarih: , 15/2/2009 Kategori: KÖŞE YAZILARI
    Yorum (0) | Bağlantı

    <- Son Sayfa | Sonraki Sayfa ->