Bir dostum var. Mühafizəçi işlədiyi üçün kitab oxumağa bol vaxtı olur. Tanışlığımızdan əvvəl mütaliə səviyyəsi aşağı olan dostumuz indi Çernışevskini, Gertseni, Qonçarovu, Remarkı, Orueli, Bunini oxumuş bir adamdır. Arada Anarı, Elçini də oxumaq istəsə də mən qoymuram. Onun “oxu menyusu”nu özüm tərtib edirəm. Sırada onu Selincer, Turqenev və başqaları gözləyir.
Dostumuz Seymur Baycanın son kitabı “Körpüsalanlar”ı da oxumuşdu. Romanda üstü örtülü verilmiş sevgi səhnələri çox xoşuna gəlib. Amma sonda Ruslanın damarlarını kəsməsini anlamadığını deyir, özünü mazutlu Xəzərə atsaydı daha maraqlı olardı.
İndi isə Çingiz Aytmatovu oxuyur. Birinci cildi mən oxuyuram , ikincini o.
Kitabı ona verdiyim günün səhəri bir də gördüm geri gətirib. O gecə ANS-də rəhmətlik Bəxtiyar Vahabzadənin müsahibəsi efirə gedibmiş. Həmən müsahibədə Bəxtiyar Vahabzadə deyib ki, Çingiz Aytmatovun Nobelə namizəd olan vaxtlarıydı, biz də- mən və bir neçə başqa şair – yazıçı getmişdik Çingiz müəllimlə görüşə. Biz ona gəlişimiz məramını söylədikdə o dedi ki, mənim heç Qarabağ münaqişəsindən xəbərim yoxdur. O zaman Çingiz Aytmatov Brüsseldə səfir idi.
Rəhmətlik Bəxtiyar müəllimin bu müsahibəsinə baxan qaçqın dostum da Çingiz Aytmatova acığı tutduğundan onun əsərlərini oxumamaq qərarına gəlir. Bunu mənə deyəndə kitabı ondan alıb birinci səhifəni açdım, kitaba yazılmış ön sözü ona göstərdim. Ön sözün müəllifi Bəxtiyar Vahabzadə idi. Dostum bunu görəndən sonra daha heç nə demədi. İndi “Cəmilə” əsərini oxuyur.
Mən isə “Gün var əsrə bərabər” romanındayam. Əvvəla onu deyim ki, prezidentin sərəncamı ilə dərc olunan bu kitabda nə qədər istəsən hərf səhvi tapmaq olar. Ölkə kitabxanalarının zənginləşdirməsi məqsədilə latın qrafikası ilə kitabların dərc olunması əlbəttə ki, təqdirəlayiqdir. Ancaq daha kitabın hər səhifəsində də hərf səhvi olmaz axı. Hələ tərcümədə olan ciddi nöqsanları, buraxılmış söz və ifadələri demirəm.
Sovet dönəmində kitabın son səhifəsində düzəliş vərəqəsi olardı. Həmən vərəqədə kitabda yol verilmiş səhvlər səhifənin nömrəsi ilə birlikdə göstərilərdi. Hərf səhvlər bir kitabda ən uzağı iki ya üç yerdə olardı. Daha kitabın hər səhifəsində hərf səhvi olmazdı. Özü də bu cür nöqsanlar təkcəÇingiz Aytmatovun əsərləri dərc olunmuş kitabda deyil, digər kitablarda da var.
Kitabın bir yerində belə bir cümlə var: “Bu qamışların içində də əli ovçular gizlənir ”. Bu cümlədə “silahlı” sözü buraxılıb. Başqa bir yerdə: “Zərifə indiyə qədər qohumlarının göndərdiyi bir məktuba da cavab almamışdı”. Bu cümlədə isə “qohumlarının” deyil “qohumlarına” olmalı idi. Kitabı bir az da diqqətlə oxusan bəs qədər nöqsan tapmaq olar. Amma biz bir o qədər də dərinə getməyək.
Kitablarda gedən səhvlər haqqında bir lətifə də var. Bəlkə eşitmiş olarsınız: Məşhur şairin həyatından bəhs edən kitab çap olunur. Nəşriyyatda bununla əlaqədar toplantı keçirildikdə kitabda cəmi - cümlətani bircə yerdə hərf səhvi olduğu aşkarlanır; çapda “N” hərfinin yerinə “T” hərfi gedib. Naşir bu səhvi elə də böyük nöqsan hesab etməyib kitabın satış məntəqələrinə dağıdılmasına razılıq verir. Kitabı almış oxucularoxuyurlar: “Məhşur şair ........ 1910-ci ildə aTadan olub.”
P.S. Gələn dəfə mütləq “Gün var əsrə bərabər”dəndanışacam.