Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler


Arkadaşlarım


FRANSIZ


 

 

FRANSIZ

 

Məntəqə sədri onu ağ atlı oğlan həsrətiylə gözləyirdi. Elə o özü də arxasınca bir yığın duman buraxaraq 1970 - ci il buraxılışlı “İJ” motosikletində ağ atlı oğlan təki çaparaq gəlirdi. Uzaqdan motosikletin uğultusu eşidiləndə məntəqə sədri bayıra çıxıb artırmada toz – duman qalxan tərəfə boylana – boylana siqaret tüstülətməyə başladı.

 

Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Onun bu düşük Fransız dili müəllimindən heç xoşu gəlmirdi. Məktəbdə də onunla çox nadir hallarda ünsiyyət qurar, çox vaxt qəbuluna buraxmaz, tez – tez dərslərinə yoxlama göndərər, hər il dərs saatlarını bir az daha azaldıb indi doğum yatağında inləyən gəlininə verərdi. Zatən kənddə cəmi iki Fransız dili müəllimi var idi.

 

Doğrusu onun əsl adını kənddə kargüzarlıq işləri ilə məşğul olan katibələrdən və bir də dərs dediyi şagirdlərindən başqa hər kəs çoxdan unutmuşdu. Ona bu ləqəbi universiteti bitirib kənd məktəbində müəllim işləməyə başlayandan sonra vermişdilər. Kəndə qayıdanda heç kəs onu tanımamışdı. Buruq saçlarını qismən uzadaraq arxaya daramış, qalın və enli bakenbardlarını sırğalıqlarınadək uzatmış, balaca ağzı ətrafında saqqal buraxmışdı. Şəhərdən yeni gəlmiş bu gənc müəllimdə kəndlilərin bəyəndiyi yeganə müsbət cəhət həmişə kostyumda görünməsi idi. Onsuz kənd camaatı çoxdan müəllimlərin həmişə kostyumda gəzməsinə alışmışdı. Ancaq Fransız özünün qırmızı kəpənək qalstukuyla bu yeganə müsbət cəhətinin də içinə sıçırdı.

 

Çoxları onun müəllim deyil, aktyor olduğunu sanırdılar. O zamanadək kənddə heç bir müəllimin bu cür klounsayaq görkəmi olmamışdı. Sovetlər dönəmində müəllimlər kəndin ən ciddi adamlarından sayılırdılar. Yas mərasimlərində təkcə müəllimlərin mollanın sözünün qabağına söz gətirməyə cürəti çatardı. Mollalar da bu hazırcavab tayfanın mıxına keçməmək üçün müəllim olan məclisdə planetlərin quruluşundan, dünyanın yaradılışından,  peyğəmbər və imamların möcüzəvi qüdrətlərindən bəhs edən mövzulardan deyil, müəllimlərlə aralarında heç bir konflikt yaratmayacaq dini - əxlaqi mövzulardan, özü də arada Qurandan ərəbcə sitat gətirməklə  danışardılar. Mollaların narahatlıqları yalnız mərasimlərində idman müəllimi iştirak edən zaman qismən azalardı. Sovetlərin dağılması ilə müəllimlərin ciddiyyətləri, sərtlikləri çəkilməyə başladı. Mollalar daha əvvəlki tək onlardan çəkinmirdilər. Sovet dövründə ateist tayfa kimi tanınan müəllimlər indi sürətlə dindarlaşırdılar.

 

Kəndlilər əvvəlcə onun saç – saqqalını kəsdirib kənd dəbinə salmağa çalışdılar.  Hətta onun bərbər xərclərini çəkməyə, yeni qalstuk almağa sponsor da tapılmışdı. Lakin heç kim onu yola gətirə bilmirdi. O dəvə kimi inadkarlıq göstərirdi. Bu ərəfədə kənddə hamı ona zarafatla Fransız deməyə başlamışdı. Hər kəs onun bu şıltaqlığını cavanlığına bağışlayır, bu şıltaqlığın tezliklə sona yetəcəyi günü səbirsizliklə gözləyirdilər.

 

Lakin onun şıltaqlığı bitmək bilmirdi. İllər dəyişdikcə onun kəpənək qalstukunun rəngi də kostyumunun rənginə münasib olaraq dəyişir, qırmızıdan göyə, göydən qaraya, qaradan qəhvəyiyə keçir,  dəyişməyən yalnız saçları və saqqalı olurdu. Ona qədər adətən birincilər məktəbə gedərkən onlara kəpənək qalstuklu kostyumlar geyindirsələr də onun bu qalstuku taxmasından sonra daha kənddə uşaqlara kəpənək qalstuk geyindirən olmadı. Təsadüfən kimsə uşağına kəpənək qalstuklu kostyum geyindirərdisə qadınlar o dəqiqə aralarında irişər, həmən uşağın valideynini məsxərəyə qoyardılar.

 

Fransızın kəpənək qalstuklarından ən çox məktəb direktoru bezar idi. Neçə dəfə kabinetində, müəllimlər iclasında tənbeh etsə də xeyri olmamışdı. Fransız direktorun fikrincə müəllim peşəsinə yaraşmayan bu geyim tərzini dəyişmirdi ki, dəyişmirdi. Hətta məsələ o qədər qəlizləşmişdi ki, direktor Fransızın qalstukunu və saç – saqqal düzümünü dəyişməsi müqabilində ona məktəbin Tədris hissə müdiri vəzifəsini təklif eləmişdi.

 

Fransızın rədd cavabından sonra onunla mübarizəni öz həyat amalına çevirən direktor bu  məqsədlə daha genişmiqyaslı addım atmağa qərar verdi. Oğluna qonşu rayondan olan fransız dili müəlliməsini aldı. Heç toydan beş gün çəkməmiş təzə gəlinin çiləsinin çıxmasına macal belə vermədən müəlliməni məktəbə işə götürdü. Və nə az nə çox Fransızın dərs saatının düz yarı hissəsini öz gəlininə verdi.

 

Direktorun bu əməlindən sonra Fransızın dolanışığının necə keçməsi heç kəsi maraqlandırmasa da allah onun üçün pul yetirirdi. Elə o səbəbdən də evləndi.

 

Amma evlənmək məsələsi təkcə onun istəyi deyildi. Fransızdan  daha çox onun evlənməyini kənd camaatı istəyirdi.  Kəndin ağbirçəkləri ipə - sapa yatmayan Fransızın anasını başa salmışdılar ki, oğlu evlənsə özünün bu mütrüf görkəmindən əl çəkər. Ailə onu ciddiləşdirər, heç birinci uşağı doğulmamış saç – saqqalını da kəsdirər, kəpənək qalstukunu da çıxarar.

 

Axı nə olsun ki, Fransızın anası onu evlənməyə razı sala bilmişdi? Kənddə Fransıza ərə getmək istəyən ki, yox idi. Heç kəndin şili – şikəsti də ona ərə getmək istəmirdi. Uzun sürən axtarışdan sonra qonşu kəndlərin birindən ona ərə gedə biləcək bir qız tapdılar.

 

Toya qədər Fransız nə qədər nişanlısı ilə  görüşməyə can atsa da nə anası, nə də qohum-qonşular ona bu imkanı verdilər. Səbəb isə onun xarici görkəmindəki biəndamlıq idi. Fransız da tərs idi. Qadağalara baxmayaraq axır ki, toya qədər nişanlısını bulaq başında uzaqdan da olsa görə bildi. Qız düşünüləcək qədər çirkin deyildi. Hətta Fransız onda bəyəniləcək bir şeylər də tapdı. O an xəyalından seyr etdiyi fransız filmləri, Eyfel qülləsi, işıqlı və romantik Paris gecələri keçdi. Hətta bir ara qıza qarşı yaranmış istəyindən vəcdə gələrək elə bulaq başındaca “JE  T`AİME”  deyə bağırmaq da istədi.

 

Fransızın seyr etdiyi filmlərdəki aktrisalara olan eşqini nəzərə almasaq demək olar ki, o heç vaxt aşiq olmamışdı. Fiziki eşqi olan tələbatını isə yalnız arada sırada rast gəldiyi ötəri qadınlarda ödəyirdi. Zifaf gecəsi qızın lal olduğunu öyrənənədək sürəcək bu eşq onun ən böyük məhəbbəti idi. Qız lal olduğu üçün valideynləri qızlarının evdə qarıyacağından qorxaraq  Fransıza verməyə razı olmuşdular. Yoxsa heç kim sağlam qızını mütrüfə ərə verərək elin dilinə düşməyə razı olmazdı.

 

Hər bir eşq özünün romantikası ilə böyükdür. Romantika nə qədər genişmiqyaslı və fantastik, ağlasığmazdırsa eşq də o qədər uzun ömürlü və böyükdür. Eşq məhv olmamışdan öncə onun romantikası ölür, eşqin gəlişindən sonra yaranan romantika, səmada qanad çalan arzular, xəyallar  qəzaya uğramış təyyarə kimi təhlükəli enişə başlayan zamanda eşqin də sonu başlayır. Arzular, xəyallar eşqi göylərə qaldıran mühərriklərdir.

 

Fransızın qısa sürən bu eşqinin də özünəməxsus romantikası, xəyalları vardı. O bu xəyallarda evlənəcəyi qadınla Paris küçələrində dolaşırdı, Eyfel qülləsinə çıxırdı, Luvrda gəzirdi, Senanın sahilində əl-ələ tutub fransızsayağı öpüşürdü.

 

Zifaf gecəsi incəliklərinə çox varmadan söyləyək ki, adaxlısının lal olduğunu öyrəndiyində Fransız hədsiz dərəcədə qəzəblənərək aldadıldığını anladı  və bu aldanılışının acığını yazıq gəlindən çıxdı. Səhərə yaxın gəlin xəstəxanada həkimlərin əli altında zarıyarkən o əlində tutduğu şampan piyaləsiylə eyvanda oturduğu stulu iki qıçı üstündə divara söykəyib sübh günəşinin qızartdığı üfüqlərə dalaraq məhv olmuş xəyallarını düşünürdü.

 

Fransızın içini yandıran arvadının lal olması deyildi. Guya lal arvadla Fransaya getmək olmurdumu? Fransız özü də bilirdi ki, əgər yaxın bir neçə onillikdə heç bir möcüzə baş verməzsə o Fransaya filan gedəsi deyil. Eşq gerçəkləşmək imkanları olan ən böyük uydurmadır. Fransız gerçəkləşə biləcəyini düşündüyü arzuları da aldadıldığını anladığı anda yox oldu. Onun aldanılışı xəyallarını məhv edəcək qədər güclü idi.

 

Fransızın ikinci xəyal qırıqlığı isə toyun eyforiyası bitdikdən sonra, o arvadı ilə sakit həyata başladıqları günün axşamı oldu. Gecə sevişməsi zamanı öpüşmə əsnasında arvadının  dilsiz olduğunu öyrəndi.  Oysa onun çox sevdiyi xəyallarından biri də bir qadınla fransızsayağı öpüşmək idi. Təzə gəlin uşaq ikən qonşu arvadı pis söyüşlərlə söydüyü üçün anası bu “tərbiyəsiz uşağ”ın dilini kəsmişdi. Fransız arvadının ağız boşluğundan cavahirat tapmadan geri dönən qızılaxtaranlar kimi məyus halda qayıdan dilini dişlərinin altında möhkəmcə sıxıb səssiz əzabla yuxuya getdi.

 

Fransız seçkilərdə ömründə cəmi bircə dəfə, o da işçi çatışmadığı üçün nəzarətçi kimi iştirak etmişdi. Onda da hər seçkidə məntəqə sədri olan direktorun anadan əmdiyi südü burnundan gəlmişdi. Sədr Seçki məntəqəsinə gəlib səs vermək iqtidarında olmayan xəstələr və qocalar üçün seçki qutusu evlərə aparılan zaman saxta bülletenləri qutulara atdırmağı planlaşdırdığı halda Fransız evlərə gedən qutuların üstündə olduğundan direktora bu fürsəti verməmişdi. Yuxarıdan tapşırılmış namizədin adının qutudan çıxmamasına görə direktorun başı çox ağrıdı, hətta vəzifədən uzaqlaşdırılmaq təhlükəsinə düşdü. Lakin min bir əziyyətdən sonra (yüz baş inəklik fermasını satası olmuşdu) vəzifəsində qala bildi. O zaman and içdi ki, bir daha heç bir seçkidə Fransızı yaxına buraxmasın. Sonra isə Fransızın artıq yarıbayarı azalmış dərs saatlarını  yenə də azaldaraq gəlininə ötürdü.

 

Fransız da o qədər  “başından vur pəpəsini al” adam deyildi. Əlinə fürsət düşəndə gözünü qırpmadan tısbağa kimi direktorun belindən basır, hərəkət etməyə imkan vermir, öz heyfini çıxırdı.  Son zamanlar isə direktoru lap gözüm çıxdıya salmışdı.

 

Direktor məktəbin düz girişində “məktəb ləvazimatları” adı altında nəvəsi Sonanın adına “Sona” Gözəllik salonu tikdirmişdi. Məktəbdə işləyən bütün qadın müəllimələrinə də tapşırmışdı ki, yalnız “Sona” Gözəllik salonunda bəzənsinlər, yoxsa işdən çıxaracağı ilə hədələyirdi. Müəllimlərin onun tapşırığına əməl etmələri bir qırağa dursun yeniyetməlik çağlarına çatmış məktəbli qızlar da vaxtlarını məktəbdən daha çox   salonda keçirir, sevgililərini başdan çıxarmaq üçün beşcə dəqiqə davam edən kiçik tənəffüslərdə belə vaxt tapıb salona baş çəkir, saçlarını, üzlərini salonun işçilərinə bəzətdirirdilər.

 

Amma elə ki, məktəbə rayon təhsil şöbəsindən, nazirlikdən və ya şəhərdən kəndə yüksək rütbəli məmurların gələcəyi gözlənilirdi, onda salon öz işini dayandırır və salonun düzbucaqlı üçbucağa bənzəyən maili damına yazılmış “Sona” Gözəllik salonu adını “Məktəb ləvazimatları mağazası” ifadəsi əvəz edərdi. Amma hələ bu vaxtadək həmən “Məktəb ləvazimatları mağazası”ndan bir dənə qələm belə alan olmamışdı.

 

Kənddə heç kəs direktorun bu işləklərinə qarşı çıxmazdı. Fransızdan başqa. Daha fransız hər dəfə direktorla arası portlaşanda və yenə də dərslərinin bir hissəsini itirmək təhlükəsi ilə qarşılaşanda hirslənib özündən çıxmır, eyhamla məktəb ləvazimatları adı altında gözəllik salonu tikdirdiyini direktorun yadına salmaqla kifayətlənərdi. Bu kiçicik şantajdan sonra hər dəfə direktorun  pısı bir müddət lap yatardı.

 

Bir dəfə səhər dərsə gələr - gəlməz həmişə Fransızı qəbul otağında saatlarla gözlədən direktor onu otağına aldı. Otaqdan ürək dərmanının kəskin qoxusu gəlirdi. Direktorun arxa tərəfindəki  rəfdə tədris-metodiki tövsiyələrdən ibarət kitablarla yanaşı dövlət məmuru olaraq kitab rəfində yerləşdirməyə mükəlləf olduğu siyasi kitablar, Quran və dindən bəhs edən digər kitablar düzülmüşdü. Direktor tez – tez şkafda dikinə qoyulmuş Qurana işarə edərək “Arxamdakı Qurana and olsun!..” deməyi xoşlayardı. O gah hay - küylə, gah da astadan yazıq səslə danışır, onun mərdimazarlığının səbəbini soruşurdu. Fransızın özünü heç nədən xəbəri yox kimi aparması direktoru lap haldan çıxarırdı.   Səbri usanan direktor əsəbi halda ötən günki “Azadlıq” qəzetini qapı ağzında boynu bükük dayanıb saqqalını tumarlayan Fransıza sarı tulladı. Fransız direktorun qəbulundan çıxarkən əlində tutduğu qəzetə ötəri nəzər salaraq hadisədən xəbərdar olduqdan sonra xımı – xımı gülümsədi.

 

Rayon mərkəzinə  qəzet və jurnallar çap olunduğu günün yalnız günortadan sonrası Bakıdan rayona gələn ilk avtobusla gəlib çıxardı. Ətraf kəndlərə isə ancaq həmən günün sabahı təbii ki, onu da kənd adamlarından alan olsaydı gəlib çıxırdı.   Bu qəzetlərin bir hissəsi dövlət və aparıcı müxalifət partiyalarının qəzetləri idi. Qalan və tələbatın daha çox olduğu böyük bir hissəsini isə idman, qoroskop və sentimental sevgi hekayələrindən bəhs edən qəzetlər təşkil edərdi. Rayona gələn müxalifət qəzetlərini rayondakı müxalifətçilərdən çox yerli icra hakimiyyəti orqanlarının işçiləri və digər kiçik çaplı məmurlar əsasən qəzetdə özləri və işçisi olduqları struktur haqqında “xoşagəlməz” informasiyanın gedib getməməsindən xəbərdar olsunlar deyə  alardılar. Bu cür məmurlardan biri də direktorun Rayon  Təhsil Şöbəsində işləyən dostu idi.

 

Direktorun dostu həmişəki ki, kimi yenə də müxalifət qəzetlərini alıb iş otağında ciddi axtarışa başlamış və “Azadlıq” qəzetində Qan Turalının köşəsində sənətdaşının “ildə bir yol...” məktəb ləvazimatları mağazasına çevrilən gözəllik salonunun əhvalatını oxuyar - oxumaz ona zəng çalmış, dalıycan da qəzeti taksi ilə bir baş direktorun qapısına yollamışdı. Məqaləni oxuyan direktorun gözünə səhərədək yuxu getməyir, ürəyini tuta – tuta “yaxşılıq qanmayan” Fransızı o ki, var söyür, səhər isə məktəbə gələn kimi o dəqiqə qəbuluna çağırtdırır.

 

Fransızın həqiqətən də qəzetdəki məqalədən xəbəri yox idi. Bu işdə əli olmasa da Qan Turalının köşəsinin ona karı toxundu. Tezliklə gah itirib gah geri qaytardığı dərs saatlarının bir hissəsini direktor yenidən geri verdi.

 

 

Bu hadisədən sonra onların münasibətləti daha da pisləşərək İran –ABŞ münasibətlərinə dönmüşdü. Nə vaxt rastlaşsalar biri o birini işdən qovacağı ilə hədələyir, o biri də işdən qovulacağı təqdirdə direktorun məktəbin ağzında gözəllik salonu tikdirməsi barədə nazirliyə yazacağı ilə qorxudurdu. Beləcə onların “soyuq müharibəsi” acı bağırsaq kimi uzanırdı. Fransızın axırıncı dəfə Bakıda olarkən özünə yeni al qırmızı kəpənək qalstuk alması direktoru lap özündən çıxarırdı.

 

Seçki günü sədr Fransıza zəng edib məktəbə çağıranda o təhlükəli bir şey olduğundan şübhələndi. Birinci və axırıncı dəfə iştirak etdiyi seçkidən sonra nə özünün bir də həvəsi olmuşdu seçkilərə qatılmağa, nə də onu seçkiyə dəvət eləyən olmuşdu. Buna görə də Fransız nəsə gözlənilməz bir hadisənin baş verdiyindən duyuq düşdüyü üçün “silahı”nı  - axırıncı dəfə Bakıda olarkən aldığı al qırmızı kəpənək qalstukunu da taxdı.

 

Çeşt vaxtınadək məntəqədə hər şeyin sədrin ürəyincə getdiyi halda birdən iki maşın məntəqənin qarşısında dayandı. Artıq bir həftədən çox idi ki, gözəllik salonu öz fəaliyyətini dayandırmış, tikilinin qabağına asılmış “Sona” gözəllik salonu yazısını “Məktəb ləvazimatları mağazası” əvəz eləmişdi.

 

Gələnlər xarici müşahidəçilər idilər. Əvvəlki seçkilərdə xarici müşahidəçilər   adətən məntəqəyə gəlib beş – on dəqiqə seçkinin gedişatı ilə maraqlanar, neqativ hallara rast gəlmədikləri (neqativ hallar əsasən qutular sayılmağa aparıldığı vaxt baş verərdi) təqdirdə ləngimədən digər məntəqələrə yollanardılar.

 

Bu dəfə nədənsə belə olmadı. Gələnlər xarici müşahidəçilərdən iki xanımı məntəqədə saxlayıb digər məntəqələrə yollandılar. Əllərində qələm və bloknot tutmuş xanımlar dinməzcə məntəqədə dolaşırdılar. İkisi də ortayaşlı olsalar da dar cins şalvar geymiş xanım incəbel, sarışın idi, tarım çəkilmiş şalvar qadının bədəninin füsunkarlığını məharətlə sərgiləyirdi. Digər xanımın geydiyi şalvardan isə iri dalı pırtlayırdı. O ağlagəlməz dərəcədə kök idi.

 

Xanımlar onlarla münasibət quran hər kəsə elə gülərüzlə cavab verirdilər ki, sanki bura məntəqədə baş verə biləcək neqativ halları qeyd etməyə deyil, ziyafətə gəlmişdilər.

 

İşə sədrin birinci girişməsi ilə məlum oldu ki, xanımlar rusca çox pis, hətta demək olar ki, heç bilmirlər. Xanımların qıçın belin sındırdıqları rus sözlərini də anlamaq olmurdu. Belə olan təqdirdə sədr məktəbdəki  iki ingilis dili müəlliməsinin ikisini də təlimatlandıraraq xanımların üstünə göndərdi. Bir az sonra onların söhbətlərindən məlum oldu ki, müşahidəçi kimi gələn xanımların hər ikisi fransızdırlar. Tərslikdən məktəbdə bir nəfər də kişi ingilis dili müəllimi yox idi, bu fransız xanımlarla ünsiyyət qurmağa bacarsınlar. Sədrin fikrincə fransız kişilər öz nərmənaziklikləri, davranışları, incəlikləri, kübarlıqları ilə başqa xalqların kişilərinə baxanda qadınsayaqdılar, o ki, qaldı fransızların qadınları ola. Fransız kişisi alman qadını qədər incə və kübardır. Fransızların bu xüsusiyyətlərini nəzərə alan sədr xanımların başlarını yalnız kişi xeylağının qata biləcəyini düşünürdü. Həm də xanımlar ingilis dili müəllimələri ilə olan söhbət əsnasında eyhamla bildirdilər ki, öz işlərini atıb söhbətə qoşulmaq heç də yaxşı hal deyil. Müəllimələr əcnəbi xanımların axırıncı danışıqlarını tərcümə etdikdə rəngi – ruhu dəyişən sədr  bir qədər keçəndən sonra müəllimələrə öz işlərinin başlarına qayıtmağı tapşırdı və dərhal da müavini ilə məsləhətləşmələrə girişdi.

 

Sədr əgər bir yol tapıb müşahidəçi xanımların başlarını qatmazsa  ən azı illərdir dişlə  - dırnaqla qoruyub saxladığı məktəb direktoru vəzifəsini itirəcəyini gözəl bilirdi. Odur ki, kabinetə keçib müavini ilə uzun məsləhətləşmələrə başladı. Tərslikdən Fransız dili müəlliməsi olan gəlini də doğum yatağında zarıyırdı. Çoxdandır işləri belə tərs gətirməmişdi. Gərək iki ingilis dili müəlliməsinin ikisini də birdən seçki prosesinə cəlb edərdi? Gəlini də doğmağa vaxt tapmışdı. Hər dəfə işi çətinə düşəndə arvadının tez-tez təkrar etdiyi fikri yadına düşdü. Sədr mövhumata bir o qədər inanmasa da qərara aldı ki, bu işini də salamatlıqla ötüşdürəndən sonra mütləq hər dəfə təxirə saldığı qaraçuxası üçün yasin oxutdurmaq məsələsini həyata keçirsin.

 

Nəhayət ki, müavinin məsləhəti ilə işə Fransızı cəlb etmək qərarına gəldilər. Düzü Fransıza işi düşməsi onun ürəyindən deyildi. Amma başqa əlacı da yox idi. Dilini dişinə tutub Fransıza zəng edərək məktəbə çağırdı. Əlac təkcə ona qalmışdı.

 

Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Amma bu dəfə qoluna girib kabinetinədək rəfaqətlik elədi. Sədrin ona olan işgüzar təklifinin qarşısında o da bir neçə bənddən ibarət olan təkliflər paketini irəli sürdü. Sədr azca nəm - nümdən sonra çarəsizliklə razılaşdı. Bayıra çıxarkən ələ-ələ verib görüşdükdən sonra Fransız qəbul otağında divara yapışdırılmış bədənnüma güzgünün qarşısında saçlarını tumarladı, üst – başını qaydaya saldı və al qırmızı kəpənək qalstukunun hər iki qanadından tutub dartışdırdı.

 

İlk dəqiqədəncə müşahidəçi xanımlarla o qədər emosional, səmimi münasibət qurmuşdu ki, kənardan baxan onu digər əcnəbilərdən ayırammazdı. Sanki üç fransız Paris meydanlarından birində dayanıb hər üçünə doğma olan bir mövzu ətrafında danışıb, deyib - gülürdülər.  

 

Artıq günorta olduğu üçün Fransızın xanımları nahara dəvət etməsi ilə üçü də məntəqədən çıxdılar. İncəbel xanım Fransızın tərkinə, gombul xanım isə  lülkaya minib brezent örtüyü üzərinə çəkdi. Fransız da gözünün altına, alnına  yapışaraq üzünün yarısını tutan şəffaf, qoruyucu eynəyini taxıb motosikleti bir təpiyə işə saldı. Motosikleti yerindən tərpənərkən incəbel xanım bərk - bərk  onun belini qucaqlamışdı. Ətrafdakı qadınlar əlləri üzlərində təəccüblə motosikletdəkilərə baxırdılar. Kənddə heç bir qadın xüsusən də müəllimələr motosikletə minməzdilər. Hətta Fransızın xanımı da çox nadir hallarda,  o da yalnız axşam düşəndə ərinin motosikletinə minərdi. Qadınlar heyrətlə uzaqlaşan motosikletə baxırdılar.

 

Fransız motosikleti döndərib məktəbin həyətindən çıxan zaman bir anlıq əylədi və başıyla indi məktəb ləvazimatları mağazası olmuş gözəllik salonuna işarə edərək xanımlara nəsə söylədi. Sədr Fransızın qonaqlara nə söylədiyini təxmin etsə də, bunun onun üçün nəylə nəticələnəcəyini kəsdirə bilmədi; Şərq müəmması deyə üstündən keçəcəklər, yoxsa yuxarı instansiyalarda bu barədə məsələ qaldıracaqlar. Məntəqə sədri bunun haqqında sonra düşünməyi qərara alaraq işlərin qaydasında getməsinə nəzarət etmək məqsədilə içəri keçdi.

 

Fransız xanımları kəndin ətrafında bir xeyli gəzdirdikdən sonra Almalı meşəsinə   qalxan yolun üstündəki restorana gətirdi. Restoran dağın döşündə yerləşirdi. Buradan baxanda üç tərəfdən dağlarla əhatə olunmuş kənd amfiteatra bənzəyirdi. Fransız əvvəlcədən restorana zəng edib pəncərəsi kəndə açılan kabinetlərdən birini bronlamış və əcnəbi xanımların xahişləri ilə ən ləziz milli xörəklərdən sifariş vermişdi. Əvvəlcədən razılaşdıqları kimi restoranın hesabını sədr ödəyəcəyi üçün Fransız qonaqların süfrəsinin səxavətlə bəzədilməsinə çalışırdı. Bunu həm qonaqların qarşısında xəcalətli qalmamaq həm də, sədri daha çox “tərlətmək” üçün edirdi.  Ona görə də administratoru çağırtdıraraq keçən dəfədən restorana qalan borcunu da bu hesaba yazmasını sakitcə tapşırdı.

 

Qonaqlar kabinetə keçəndə süfrə tamamilə bəzədilmiş, ofisiantlar xörəkləri süfrəyə vermək üzrə hazır dayanmışdılar. Fransız qədəhlərə süzülən tut arağını xeyli təriflədi. Elə qonaqlar da ilk qədəhdən sonra onun təriflərinə qoşuldular. 

 

Amma söhbətin əsas mövzusu araq deyildi. Fransız Paris haqqında sanki orada doğulub boya – başa çatıbmış kimi coşqunluqla danışırdı. İlk dəfə Fransız dili və Fransa haqqında biliklərini boşaltmağa imkan tapmışdı və bu imkanından böyük məharətlə yararlanırdı. İçkinin və şirin söhbətin verdiyi nəşənin təsiri ilə mövzu gəlib sevgi və sex üzərində dayananda gombul xanım bu iki sərxoşun gözlərindəki qığılcımdan bir azdan nə baş verə biləcəyini aydınca oxudu. İncəbel, sarışın xanım Fransızın buraların dəbinə uyğun gəlməyən tərzindən danışır və qısa saqqalının ona çox yaraşdığını söyləyirdi. Söhbət əsnasında incəbel xanımın çox ehtirasla fransızsayağı öpüşməyi bacardığını söyləyərək Fransızın lap çoxdanki -  bir zaman evlənərkən kamına yetəcəyini düşündüyü, lakin uğursuzluğa düçar olan arzusunu  yadına saldı. İndi o daha çox incəbel xanımın danışdıqca yerində rəqs edən qırmızı dodaqlarına, çəhrayı dilinə və dilinin üstündəki cuppulu gümüş pirsinqinə nəzər yetirir, içini dili ilə pirsinqə toxunmaq kimi qaynar bir arzu bürüyürdü.   

 

Artıq gombul xanımın kabineti tərk etmək vaxtı gəlib çıxmışdı.  Onsuz gombul xanım lap əvvəldən bu söhbətlərdə  az iştirak edirdi.  Elə o özü də vəziyyətin nə yerdə olduğunu anladığı üçün siqaret çəkmək bəhanəsiylə çantasını götürüb bayıra çıxaraq qurdla quzunu kabinetdə tək buraxdı.

 

Bir qədər sonra çaydaşı döşənmiş kənd yolları ilə səntirləyə - səntirləyə  yeriyən sərxoş gombul xanım doğma dilində bomba dalğası kimi ətrafa yayılaraq kəndi üç tərəfdən saran dağlarda bir neçə dəfə əks səda verən tanış kişi səsi eşitdi: JE T`AİME.


Tarih: 21:50, 25/2/2009 Kategori: PROZA
Yorum (yok) | Yorum yaz | Bağlantı

SUSUZ QALMAQ TEHLÜKESİ

 

SUSUZ QALMAQ TƏHLÜKƏSİ

 

O da digər rəfiqələri kimi danışa  - gülə gəlirdi. Qiyafəti qadınsayaq olmasaydı məktəbli qızlardan seçilməzdi. Balacaboy idi. Rəfiqələrinin ən balacası. Maraqla ətrafı seyr edə - edə gəlib bizim sinif otağının qarşısında dayandılar. Tədris hissə müdiri Taleh müəllim də onların yanında idi və arada qızların gözlərindən yayınıb oğrun – oğrun əndamlarını süzürdü.

 

Biz də dəhlizdə ora – bura qaçmağı buraxıb onları seyr edirdik. Balacaboy qızcığaz hər kəsi cəzb eləmişdi. Ən çox ondan danışırdıq. Tarım çəkilmiş cins şalvar əndamında çox şux qalırdı.

 

Zəngdən sonra sinfə daxil olan oğlanlar qapının kandarında dayanmış qızları süzür, ya da söz atıb sonra içəri keçirdilər.

 

Hamı yerinə keçib əyləşəndən sonra sinif tam sakitləşdi. Taleh müəllim danışmağa başladı. Tələbə qızlar 20 gün sürəcək praktikaya gəlibmişlər. Tlaeh müəllim qızları bizlə tanış elədi: Nazilə, Könül, Elnarə, Çinarə, Nigar, Rəşidə. Balacaboy praktikantın adı Su idi.

 

İlk gündən bütün siniflə xoş rəftar etməyə başladı, hamıyla gülər üzlə danışırdı. Əslinə baxsan digər qızlar da onun kimi edirdilər. Hər necə olsa bura təcridxana deyildi. Burada gülümsəmək lazım idi.

 

Amma o bir başqa cür gülürdü. Bu gülüş təkcə üz əzələlərinin müxtəlif kombinasiyalarda birləşməsindən ibarət deyildi. Bütünlükdə içdən gəlirdi və adama elə gəlirdi bu gülüş heç vaxt qurtarmayacaq. Su hətta ciddi olduğu dəqiqələrdə belə üz cizgiləri gülərkən necə dururdusa elə də tərpənməz qalırdı.

 

Qızların gəlişindən 10 gün keçmişdi. Biz dərslərə böyük həvəslə gəlirdik. Riyaziyyat fənnindən şagirdlərin bilik səviyyəsi artmışdı. Sinfə sual veriləndə bütün əllər bir şey kimi dik dururdu. Hətta sinfimizin ən pis oxuyanı Oxuş da dərslərə hazırlaşmağa başlamışdı. İlk dəfə lövhəyə çıxıb (a+b)2 – nin açılışını yaza bildi.

 

Praktikantlarla  aramızda müəllim – şagird münasibətləri olmasa da onlardan çəkinirdik. Sinif  qızlarına davrandığımız kimi davranmırdıq. Praktikantlar müəllimlə şagird arasında orta bir yer tuturdular.  Onlar da bizimlə şagirddən çox kiçik qardaş – bacı kimi davranırdılar. Artıq onlara müəllimə deməyi də tərgitmişdik. Hətta müraciət edəndə belə adlarını bütöv deyil qısaldıb deyirdik. Təkcə Sunun adını qısaltmaq olmurdu. Onun adını qısaltmasaq belə o bizlə səmimi idi.

 

Telefonu  heç vaxt susmazdı. Elə hey bütün günü əlində gəzdirər, imkan tapdıqca sms yazardı. Telefon onun balaca, bəyaz, yumşaq, dırnaqlarına bənövşəyi lak çəkilmiş əllərində körpə uşaq kimi qayğısızca oynayardı. Həmişə Sunun sol əlinin adsız barmağında lakın üstündə başqa rəngli lakla çəkilmiş bir naxış olardı. Bir dəfə onu necə elədiyini soruşdum. O dırnağının üzərində bir damcı lak qoyub sonra iynəylə dırnağının üzərinə yayaraq naxış cızdığını söylədi. Qızlar bu cür zaman alan mürəkkəb bəzənmələri ya bekar olduqları, ya da sevdikləri zaman edirlər. O sevirdi.

 

Evdə yazı masasının arxasında oturub dərslərimi hazırlayarkən tez-tez onu düşünərdim. Bəzən dərsin bir hissəni başa düşmədim bəhanəsiylə Suya sms yazıb nəyisə soruşar, sonra dərsə dəxli olmayan bir mövzudan ehtiyatla danışar və biz beləcə uzun müddət smsləşərdik.  Smsini gözlədiyim vaxtlarda isə ya qonşu sinifdən olan sevgilim Nazlıya sms yazar, ya da yaxınlarda praktikan qızlar və sinif yoldaşlarımızla birlikdə şəhərə gəzintiyə çıxarkən Suyla birgə çəkdirdiyimiz şəklə baxardım.

 

 Şəkli çəkdirərkən əlimi belinə sarmaq istəsəm də utandığımdan geri çəkmişdim. Pərtliyimi hiss etdirməmək üçün nişanlısını bəhanə gətirdim. Su  gülərək eybi yoxdur sən ki, mənim balaca qardaşımsan deyə çiynimə qısıldı.

 

Həmən gün gəzintidə praktikanların arxasınca bir neçə oğlan düşmüşdü. Getdiyimiz hər yerdə bizi addım – addım izləyirdilər. Üç nəfər idilər. Hündürboy qaraşın oğlanlardılar. Birinin əynində qara kostyum var idi.  Digər ikisi idman stilində geyinmişdi. Oğlanlardan birinin qızlara yaxınlaşıb söz atmasıyla mərəkə başladı. Bizdən güclü olsalar da say üstünlüyü bizim tərəfdə idi. Onların payını vermək istədiyimiz zaman Su və rəfiqələri araya girib bizi sakitləşdirdilər. Su oğlanlardan birinə barmağındakı nişan üzüyünü göstərərək sakit şəkildə nəsə əlavə elədi. Oğlanlar üzr istəyərək çəkib getdilər. Sinif qızlarımız və praktikanlar özlərindən çıxmış dəliqanlı oğlanlarımızı sakitləşdirməyə çalışırdılar. Mənimsə bir gözüm Suda idi. O an bir gün Sunun mənə də barmağındakı nişan üzüyünü göstərə biləcəyini anladım. Fikrimi dağıtmaq üçün sevgilimə “Səni sevirəm”dən ibarət bir sms yazdım.

 

Son vaxtlar Nazlı  ona az vaxt ayırdığımdan şikayətlənirdi. Nazlı qəşəng qız idi. Artıq iki il bir yerdə idik. O bizə gəlir,  mən onlara gedirdim. Dərslərimizi bir yerdə hazırlayırdıq. Eyni mahnılara qulaq asar, eyni filmləri seyr edər, eyni kitabları oxuyardıq. Bir dəfə onlarda dərs hazırlayırdıq. O  qədər yaxın oturmuşduq ki, sarı saçları ağzıma toxunurdu. Üzünə tökülmüş saçlarını qulaqlarının arxasına verib ilk dəfə çəhrayı dodaqlarından öpdüm. Həmən öpüşdən sonra bir həftə küsülü qaldıq.

 

Nəhayət Nazlını bir təhər başa salıb qısqanclıq fikirlərini ağlından çıxara bilmişdim. Parkda uzun müddət ona olan sədaqətim haqda moizə oxuduqdan sonra əl - ələ tutub binalarına sarı gəldik. Blokun ağzında xeyli öpüşdükdən sonra xudahafizləşdik.

 

Axşam yenə Suya sms yazdım. Bu dəfə xeyli smsləşdik. Kefim duru idi. Dodaqlarımdan Nazlının islaq dodaqlarının hərarəti hələ getməmişdi. Nazlının qalın çəhrayı dodaqları məharətlə mənim qırışlı, çartlaq dodaqlarımı gəmirirdi.

 

Görəsən Su necə öpüşür? Ona bu kontekstə amma çox üstüörtülü bir sms yazdım. Bunu da çəkinə - çəkinə elədim. Əvvəlcə sevgidən söz saldım, sonra Nazlıdan, bizim münasibətlərimizdən danışdıq, daha sonra söhbət onun sevgilisinin üzərinə gəldi. Mən bu dəm fürsət düşmüşkən bir başa mövzuya girmək istədim. Lakin o bu dəfə də məharətlə söhbətdən yayına bildi. Və bir bacı nəvazişi ilə  “Gecən xeyrə qalsın, şirin yuxular” yazdı. İçimdə baş qaldırmış coşqunluğun təsiri ilə “sənin kimi bir sevgilim olsun istəyirəm”dən ibarət sms yazsam da göndərməyə cəsarət eləmədim. Həmən gecə yuxuda sabaha qədər Su ilə sevişdiyim üçün səhər Nazlının üzünə baxmağa utanırdım.

 

Bir neçə gündən sonra Sugilin təcrübə müddəti başa çatacaqdı. Nə sinif şagirdləri, nə də praktikantlar bu təcrübənin bitməsini istəmirdilər. Təcrübə başlayandan biz dərslərlə daha ciddi məşğul olmağa başlasaq da dərs çox əyləncəli və maraqlı keçirdi. Dərsdə aktiv iştirak edirdik.

Əvvəlkindən şən idik. Daha səbirsizliklə dərsin nə zaman bitəcəyini gözləməzdik. Dərslərimiz kollektiv tamaşalara dönmüşdü.

 

Bu arada vaxt tapıb bir dəfə də şəhərə gəzintiyə çıxmışdıq. Attraksionlara, karuselə, fırlanğıca mindik. “Lənət karuseli” ən yuxarı nöqtəsində olanda Su qorxudan əlimdən o qədər bərk yapışmışdı ki, dırnaqlarının açdığı cızıq xeyli müddət ondan xoş xatirə kimi əlimdə qaldı.

 

Təcrübənin sonuna bir gün qalmış bir az gec gəldi dərsə. Praktikan qızlar da həyəcanlı idilər. Həmən gün riyaziyyatdan də dərsi var idi- praktikanlar təlim məqsədilə dərs  keçməyə başlamışdılar. Dərsi qızlardan birinə ötürdü. Tez-tez dəhlizə çıxıb yenidən sinif otağına qayıdırdı. Yəqin ki, dəhlizdə telefonla danışırdı. Biz hamımız narahat olmağa başlamışdıq. O hər dəfə dəhlizə çıxdıqda gözlərim qapıda qalır,  nə zaman içəri keçəcəyini gözləyirdim.

 

 Hər dəfə içəri keçəndə əvvəlkindən də qəmgin görünürdü. Qızlar öz aralarında nəsə pıçıldaşıb Sunun könlün almağa çalışsalar da xeyri olmurdu.

 

O yenə icazə alıb dəhlizə çıxmışdı. Çinarə adlı praktikan dərsi bitirmək üzrə idi. Müəlliməmizlə son məsləhətləşmələrini aparırdı. Yoldaşlarla danışıb mazaqlaşsam da gözlərim qapıda onun nə vaxt içəri keçəcəyini gözləyirdim.

 

Bayırdan tappıltıya bənzər qəfil bir səs eşidildi. Ardınca isə qışqırıq səsləri yayıldı. Zəngin qulaqbatırıcı cingiltisi olmasaydı bu qışqırıq kəsilməzdi. Cəld dəhlizə qaçdım. Zəngin çalınması ilə dəhliz siniflərdən tökülüşmüş şagirdlərlə dolmuşdu. Su gözə dəymirdi.

 

 Dəhlizin açıq pəncərələrindən birinin ətrafında qələbəlik idi. Boylananlar naləylə çığırırdı. Tələsik yüyürüb pəncərədən baxdım.

 

Su özünü pəncərədən aşağı atmışdı. Asfaltın üzərində əmələ gəlmiş qan gölməçəsinin üstündə narın - narın yağış damcılayırdı. Çöhrəsindəki ciddiyyət və sonsuz kədər üz cizgilərinin əmələ gətirdiyi gülüş mimikasını dağıtmaqda aciz idi.

 

Bir an pəncərənin pərvazına söykənərək duruxub qaldım. Onu məktəb dəhlizində ilk gördüyüm an, gülərüz çöhrəsi gözlərimin qarşısında canlandı.

 

Keçən il də bizim məktəbdə bu cür faciəli hadisə olmuşdu. Doqquzuncu sinif şagirdlərindən biri  üçüncü mərtəbədən özünü atmışdı. Qızın ailəsinin maliyyə vəziyyəti olduqca pis imiş. Bu ərəfədə də buraxılış imtahanında qızı kəsən müəllim də ondan imtahanın nəticəsini düzəltmək məqsədilə rüşvət istəyir. Çarəsiz qalan qız da on özünü üçüncü mərtəbədən aşağı atmaqdan başqa bir şey edə bilmir.

 

Üçüncü mərtəbədən pillələri necə düşdüyüm yadımda deyil. Təkcə ikinci mərtəbə ilə üçün aralığında toxunduğum divardan asılı S. Bəhlulzadə tablosunun yerə düşərək üzərindəki şüşə örtüyünün çilik –çilik olması xatirimdə qalıb. Hadisədən sonra təsərrüfat işləri üzrə direktor müavini şüşənin pulunun iki qatını məndən aldı.

 

Hadisə yerinə çatanda Su hələ də yaş asfaltın üzərində hərəkətsiz qalmışdı. Ətrafı qələbəlik idi. İki dəqiqənin içində bu qədər müxbirin haradan peyda olduğunu kəsdirə bilmirdim. Bütün kameralar cansız Suya zillənmişdi. Sunun üzərindən asılmış qalın, qırmızı hərflərlə “Təhsildə rüşvət olmasın!” sözləri yazılı A4 formatında kağız yağış damlalarından islanmışdı.

 

Rəsm müəllimimizi itələyib Suya daha da yaxınlaşdım. Əyilib Sunu yerdən qaldırmaq istəyirdim. Kimsə çiynimdən yapışıb arxaya dartaraq Suya sarılmağa qoymadı.

 

O an sanki qəfil bir cərəyan bədənimi titrətdi. Su heç nə olmamış kimi ayağa dururdu. Alqış sədaları altında mənim hıçqıraq səslərim hiss olunmurdu. Suya sarılıb bərk-bərk qucaqladım. Var gücümlə onu özümə sıxdım. Təkrar dirilməyinin təəssüratı ilə ona sarılmışkən çoxdandır arzuladığım iri, bədənini hiss etmək şansını qaçıra bilməzdim.

 

Sunun praktikant rəfiqələri müəllimlər, şagirdlər başımıza yığılmışdılar. Su yanağımdan öpdü və sonra kameralardan birinə tərəf çevrildi. Su praktikan qızlarla birgə  jurnalistlərə müsahibə verirdi.

Müsahibədən sonra Su mənə yaxınlaşdı.

-         Necədi, tamaşa xoşuna gəldi?

-         Yox! - Mən qısa cavab verdim.

 

O zərif əlləri ilə sallaq çənəmi qaldırıb öz təşkilatları, onların təhsillə, rüşvətlə bağlı layihələri barədə, tamaşanın ssenarisi barədə danışdı. Yenə gülərüz idi.

 

Bir azdan tamaşanın müzakirəsi də bitdi və hamı dağılışdı. Xadimələr asfaltın üzərinə yayılmış qırmızı boyanı yuyub təmizləyirdilər. Mən – bu tamaşanın ən həqiqi oyunçusu  səssizcə dayanıb qırmızı boyanın lyuka axıb getməsinə tamaşa edərkən plastmas sağanaqlı yaşıl eynək taxan  təsərrüfat işləri üzrə müdir müavini yanımda dayanıb  qırdığım şüşənin pulunu tələb edirdi. Mənim diqqətimsə lyuka axıb gedən qırmızı boyalarda idi.


Tarih: 22:14, 13/2/2009 Kategori: PROZA
Yorum (yok) | Yorum yaz | Bağlantı

EFV

 

ƏFV

 

İsmayıl evin arxa tərəfindəki çardağın altında çömbəlmə oturub əlindəki kəndirlə qurcalanırdı. Atası ilgək düzəltməyi tapşırmışdı. O da kəndirin bir ucun gətirib düzəltdiyi halqanın içindən keçirir, sonra nəyisə bəyənməyib kəndiri açaraq yenidən əməliyyatı təkrarlayırdı.

 

Atasının kənd yolunun üstündə balaca bir sexi var idi. Tornaçılıq edirdi. Eyni zamanda qəssablıqla da məşğul idi. Çox vaxt kəndin heyvanlarını o kəsirdi. Heyvanın başı kəsildikdən sonra kəndirdən hazırlanmış ilgəyi heyvanın arxa ayaqlarının birindən vətərlə sümüyün birləşdiyi hissədən bağlayaraq asırlar.

 

Qonşu atasının səsləyib qapıya çağıranda o tut ağacının enli gövdəsinə söykənib siqaret çəkirdi. Evin pilləkənlərindən aşağı düşən atası gəlib onun qabağında dayananda heç bilmədi ki, nə etsin. Dinməzcə qulaqlıqları çıxarıb günahkar nəzərlərlə atasının gözlərinə baxaraq qulağının dibinə gələcək şilləni gözlədi. Atası isə yalnız “get bir kəndir hazırla gəlib səni asacam” deyib qapıda gözləyən qonşunun yanına getdi.  

 

Onun gözəl əl qabiliyyəti vardı. Oxumağa həvəsi olmasa da cihazları təmir etməyə həvəsi vardı. Az yaşı olmasına baxmayaraq evdəki bütün nasaz cihazları özü təmir edirdi. Atası çox üstünə getmir, oxumamasına göz yumurdu. Ümüd edirdi ki, oxumasa belə böyüyəndən sonra bir sənət sahibi olub ailəsini dolandıra biləcək.  Elə indidən beşinci sinifdə oxuyan oğlunu peşə məktəbinə qoymağı planlaşdırmış, keçən ay rayon mərkəzinə gedəndə peşə məktəbinin direktorundan bəzi tövsiyələr almışdı.

 

O dərsdən sonra vaxtını adətən ya atasının sexində, ya da evin dalında çardaqda özü üçün düzəldiyi xudmani emalatxanada keçirirdi. Velosipedi, maqnitofonu xarab olan təmirə onun yanına gəldiyindən emalatxana  həmişə qələbəlik olardı.

 

 Bu dəfə yanında heç kim yox idi. Günorta olduğu üçün hamı  öz evində  ventilyatorun qabağında dincəlirdi. O isə səylə ilgəyi hazırlamağa çalışırdı. İsmayıl həmişə belə idi. Velosiped təmir edəndə də, maqnitofon və ya qapağı xarab olmuş nasosu düzəldəndə də işini məharətlə görməyə çalışır, özü işindən razı qalmayana kimi əl çəkməzdi. Atası onun bu xasiyyətini bəyənsə də heç vaxt ilgək düzəltməyindən xoşu gəlməzdi.

 

Bu dəfə möhkəm və qalın kəndir seçmişdi. Bir neçə cəhddən sonra nəhayət ilgəyi özü bəyəndiyi kimi hazırlayıb atasının gəlməyini gözləyirdi. Atası onu çox nadir hallarda danlayardı. İsmayıl da buna səbəb yaratmazdı. Lakin bu dəfə məsələ tamamilə başqa idi. Atasının siqaretdən zəhləsi getdiyindən oğlunu bir neçə kərə tənbeh edib siqaret çəkməməyi bərk – bərk tapşırmışdı.

 

Oğlan düzəltdiyi ilgəyi əlində çevirərək orasına  - burasına baxırdı. Ata gəldi. Ayağa qalxıb əlindəki kəndiri ona uzadaraq dinməzcə dayandı. Onu indi asılmağından daha çox atasının yenə ilgəyi bəyənməyəcəyi qorxudurdu. Ata götürdüyü  kəndiri əlində tarazlayaraq bir xeyli ilgəyə tamaşa elədi. Sonra ilgəyi bir neçə dəfə oğlunun başına yüngülcə vurdu.

 

-         Heç heyvan kəsəndə ilgəkləri bu cür etibarlı düzəltmirsən.

 

Ata daha heç bir söz demədən oğlunu da yanına alıb qonşuya heyvan kəsməyə getdi.


Tarih: 21:37, 11/2/2009 Kategori: PROZA
Yorum (yok) | Yorum yaz | Bağlantı

siz hec saqalmaz xesteliye tutulmusunuzmu?





 

 

 

Siz heç sağalmaz xəstəliyə tutuldunuzmu?

vay-vay-vay-vay-vay

içimdə ölən biri var

bir Ahmet Kaya şərqisi

Sizi heç sağalmaz  xəstəliyə tutulmağınızla müjdələyiblərmi?

İnşallah müjdələməyiblər.

Amma bu müjdədən sonra insanın hansı hisslər keçitməsiylə maraqlanırsınızsa mən sizə deyərəm.

Yalan söhbətdir. Başınız filan fırlanmır. Sadəcə bir anlıq donursunuz. Ağzınız söz tutmur. Və gələcək planlarınızı düşünürsünüz. Hamısı bir anda ötmüş süd kimi çürüyüb məhv olur. Ümid qalır bu süddən şor, ya da süzmə düzəltməyə. Onu bacarsanız.

“11 Sentyabr”ı düşünün. Ümumdünya Ticarət Binalarını. “Əkizlər”i deyirəm. Necə kamikadze təyyarəsi “qəhrəman”ca gözlənilmədən “Əkizlər”ə çırpıldı! Onlar da tüstüləyə-tüstüləyə yerə gəldilər! Bax həyatınız da, gələcək planlarınız da o cür, bir göz qırpımında uçulur tökülür ayaqlarınız altına.

Bundan belə qəbrə gedənə kimi yanınızda dərman torbaları gəzdirəcəksiniz və ən yaxın sirdaşlarınız ağ xələtli ölüm müjdəçiləri olacaqlar. Qəbrə gedənə kimi yanında dərman torbaları daşımaq – bunu Məhəmməd peyğəmbər deməyib.

Onlara nifrət etməyi də başarmayacaqsınız. Çünki bütün ömrünüz onlardan asılı olacaq. Bundan belə onlar sizin üçün saman çöpü olacaqlar. Sevgilinizdən və sevdiklərinizdən belə belə çox inanacaqsınız onlara.

Yadıma düşmüşkən. Sevgiliniz də olmayacaq axı. Unutulası şeylərin ən birincisi sevgiliniz olacaq. Çünki bu səfərə sevgili ilə getməzlər. Çünki bundan belə siz insan şəklində olan ən böyük mikrobsunuz. Sevdiyinizi yoluxdurmaqdan saqınacaqsınız.

Deməli bundan belə qadından və içkidən – Heminquey demiş- və bir də bir sürü başqa dəyərli nəsnələrdən uzaq durmalısınız. Asketik bir həyatla başa vuracaqsınız ömrünüzü.

Və yaşlanmaq barədə də düşünməyin. Çünki siz bu xəstəliyə yoluxan andan artıq yaşlısınız. Sadəcə aynalar bu həqiqəti sizə söyləmək iqtidarında deyillər.

Qocalığınız həkim reseptlərinə yazılıdır. Reseptlərin sayı artdıqca yaşınız da artacaq. Onlarsa hər an artacaq.

Bundan belə daha çox şən, şaqraq musiqilər gərək olacaq sizə. bəlkə sevgilinizi də unutdura bildilər. Dostlarınınz küçələrdə, gəzintilərdə həyatın dadını çıxartdıqları zaman siz çarpayıda uzandığınızda mütaliəniz üçün indidən münasib kitablar da seçməniz gərəkdir. Bu kitablar dərin və düşündürücü olmalıdırlar ki, düşüncədən ayıla bilməyəsiniz. Duyğusal kitablar əsla olmaz. Dolğun, günəşli həyat axışını düşündükcə ağlayıb sızlamağın nə mənası.

Ən qəribəsi odur ki, sağalmaz xəstəliyə düçar olduğunuz halda belə, bundan belə rahat və dolu-dolu bir həyat yaşamayacağınızı bildiyiniz halda belə yenə də əlinizi çəkmirsininiz həyatın ətəyindən. Yenə də dəli kimi bağlanmısınız həyata.

Səhərlər güzgünün qabağından çəkilmirsiniz, üzünüzü şüşə kimi parıldayanadək təraş edirsiniz, dişlərinizi diş məcunu reklamına çəkilir kimi fırçalayırsınız və köynəyinizi geyməmişdən öncə yaxşıca qoxlayırsınız ki, tər iyi gəlirmi, gəlirmi. Həm də görüşə getməyəcəyinizi bildiyiniz halda.

Bax həyat budur, ad gününüzdə sizə içi bomba dolu bir bağlama hədiyyə etsə belə boynuna sarılıb yanaqlarında öpür, qəhər dolu səsinizlə astadan “Təşəkkür edirəm” deyirsiniz, sağalmaz bir xəstəliyə tutulduğunuzda belə!



Tarih: 15:27, 15/10/2008 Kategori: PROZA
Yorum (yok) | Yorum yaz | Bağlantı

menim kederli hekayem


Mənim kədərli hekayəm

 

Əziz Nesinin əziz xatirəsinə

 

 

“Mən səni sevirəm,

 mənim eşşək sevgilim...”

Bir sevgilinin dilindən.

Mən eşşəyəm. Yeddi yaşında, boz  bir eşşək. Əvvəllər, yəni mən uşaq ikən dərimin rəngi parlaq idi və şabalıdıya çalırdı. Onda hələ kənddə yaşayırdım. Yaşıl çəmənlikləri olan uzaq bir dağ kəndində. Sahibim kənddə dolanışığın olmaması üzündən  Bakıya köçənədək mənim dərimin rəngi də parlaq idi, gün işığında lap at dərisi kimi bərq vururdu. Mən yaşıl çəmənliklərdə qayğısızca dolaşar, acanda yaşıl otlardan yeyib buz bulaqların suyundan içər, dincəlmək istəyəndə özümü budaqları buludların mavi köynəklərini dələn hündür ağacların kölgəsində dincələrdəm.

Sahibimin kənddə dolanışığın olmaması üzündən Bakıya köçmə fikrini mən heç zaman müsbət qarşılamamışdım. Mənim ki, dolanışığım var idi. Qışda belə gəvəzələməyə  bir şey  tapılrdı. Lakin bununla belə Bakıya köçdük.

         Biz Bakıya köçəndə mənim artıq 3 yaşım var idi. Məni Bakıya digər heyvanlarla birlikdə yük avtomobilinin bortunda gətirdilər. Yol  boyu maşın dərə-təpəyə düşdükcə o qədər atılıb düşmüşdüm, silkələnmişdim ki, düz bir həftə ətraflarımın ağrısından və ishal əlindən yerimdən tərpənə bilmədim. Axırda nəcis iyindən tövləyə girə bilməyən sahibim məcbur qalıb məni o soyuq qış axşamlarında bayırda yatızdırmağa məcbur olmuşdu. Həmən axşamlarda soyuqdan donmuş qulaqlarım zərblə bir-birinə toxunan bilyard şarları kimi şaraq-şaraq şaqqıldayırdı.

         Bizim kəndimiz, yəni mənim doğulub boya-başa çatdığım kənd dörd tərəfdən meşəylə əhatə olunmuş bir coğrafiyada yerləşirdi. Yaşıllıqlar göz oxşayırdı. Şairlər hər yay bizim kəndə dincəlməyə gəlir, bizim meşələrdə kabab çəkib yeyir, üstündən də  buz bulaqlarımızın suyundan içib şəhər həyatından bəhs edən şerlər, poemalar yazırdılar. Bizim kənddən də az şair çıxmamışdı. Onlar da Bakıda ad-san sahibi olandan sonra kəndə dincəlməyə gələrdilər. Bütün günü göy çəmənliklərdə dincəlib elə hey isti, yorucu şəhər həyatından gileylənərdilər. Amma nədənsə yağışlar yağmağa başlacağın dəfədaraqlarını da götürüb üz qoyardılar Bakıya. Mən onları başa düşə bilmirdim. Yəqin eşşək olduğumdandır.

         Yeni yaşayış yerimdə isə həndəvərdəki bir neçə təkəm - seyrək  ağacları çıxmaqla yaşıllıqdan əsər - əlamət yox idi. Burada ağacları bütün günü başını su içən toyuq kimi əyib qaldıran mazutlu dəmir buruqlar əvəz edir. Kəndimizdəki gölməçələrdən, nohurlardan fərqli olaraq buranın nohurlarının suyu qaramtıl rəngdədir. Gün işığında isə göy qurşağı kimi müxtəlif rəngə çalır. Mən bir az vasvası olduğumdan yediyimə və içdiyimə çox diqqət edən eşşəyəm (əlbəttə ki, bu şəhərə köçməmişdən qabaq idi). Bir dəfə yayın cırcırama istisində işləyərkən yaman susamışdım. Evə getməyə də hələ var idi. Naəlaclıqdan ağzımı nohura dayayıb bir qurtum suyla içimi sərinlətmək istədim. Elə təzəcə udqunmuşdum ki, içimi od - alov götürdü, sanki boğazımın yoluna yanar məşəl soxmuşdular. Həmən səhər nə yemişdimsə hamısını qaytardım və düz on gün yediyimin - içdiyimin tamını bilmədim.

          Kənddə yaşıllıqdan yorulan gözlərim burda bir yarpaq boyda yaşıllıq axtarırdı. Amma nə yazıq ki, haraya baxırdımsa gözümə bomboz səhralıq, mazutlu gölməçələr görünürdü.

         İnsafən qışı pis keçirtmədim. Heç mənimlə birgə kənddən gətirilən heyvan –qara da pis ötürmədi qışı. Samanımız bol idi. Sahibim kənddən köçəndə özü ilə iki Kamaz ot kipi də gətirmişdi. Bütün qışı quru otdan yeyir, kefimə düşəndə də buruqların arasında, çöllük biyabanda gəzişirdim. Təzə köçdüyümüz vaxtlarda hələ mənə münasib iş tapılmadığından səhərdən axşamacan ecahan dolanırdım. Mənim veyil-veyil dolandığımı görən sahibənin arvadı da əlinə düşən hər fürsətdə mənə yaylım atəşi açmaqdan yorulmurdu. Amma sahibim onun cavabını layiqincə verir, düşmən cavab atəşi ilə susdurulurdu. Sahibənin arvadını narahat edən məsələ sahibin məni kənddə satmaması, özü ilə Bakıya gətirməsi idi. Hər dəfə deyirdi: “Eşşəyin yeri kənddir, şəhər yox”. Onun fikrincə mən onlara bir qara qəpik xeyir vermədən heyanların saman payından yeyirdim. Hətta iş ora yerə çatmışdı ki, xanımım məni görəndə ayağındakı İran qaloşlarının bir tayını çıxarıb üstümə tolazlayırdı. O an məni üstümə doğru uçan qaloşdan çox xanımımın ayaqlarındakı qırmızı “Mariyana” corabları hürküdərdi. Elə bilərdim xanımım o corabları da çıxarıb üstümə atacaq, ona görə də o dəqiqəcə canım əl verdiyi qədər qaçıb olay yerindən uaqlaşardım.

Yaza doğru buruqların arasında arabir gözə dəyən cürbəcür otlar, tikan-qanqal cücərməyə başladı. Qış boyu mənim kimi işsiz qalmış sahibim də məni və heyvanları götürüb buruqların arasında bizi otarmağa çıxırdı. Əlbəttə ki, buna otlamaq demək olmazdı. Biz bütün günü yalnız otlamağı imitasiya ilə məşğul olurduq. Sahibim arvadının deyingənliyindən bezdiyindən hər səhər tezdən bizi alıb otarmağa aparır, bir də qaş qaralanda evə qayıdırdı. Biz də bütün günü ta axşamacan çöllük –biyabanda ac-yalavac dolanır, axçamın tez gəlməsini səbirsizliklə gözləyirdik.

Həmən axşamların birində elə təzə həyətə gəlib yemlənmişdik ki, sahibimin böyük oğlu özünü hövlank qapıdan içəri atıb bağırdı ki, bəs gözünüz aydın özümə iş tapmışam. Onun heç bir sənəti yox idi. Məktəbi doqquzuncu sinifdən tərk edib meşədə odunçuluqla məşğul olmuşdu. Arada mən də onunla meşəyə gedirdim. O qırdığı  odunlardan belimə yükləyir, mən də kəndə gətirirdim. Əsgərlikdə olarkən atasının satdığı iki qoyunun puluna vəsiqə alıb sürücülüyə başlamışdı. Biz Bakıya köçəndən sonra şəhərin bütün sərnişin daşıma nəqliyyatı sahiblərini ələk - vələk edib özünə iş axtarmağa başladı. O gün nəhayət ki, müştaqında olduğu işi tapmışdı. Sahibim oğlunun bu sevimli xəbərinə əlini cibinə atıb bir onluq çıxardaraq muştuluq verdi. Səhəri gün oğlan evə gələndə o pula çoxlu şəkil alıb gətirmişdi. Kiçikli - böyüklü bu şəkillərdə yaşlı-yaşlı saqqallı kişi rəsmləri var idi. Dediyinə görə bunlar imam-seyyid şəkilləri idi. Bu şəkilləri Qazelin salonundan asacaqdı ki,  yolda qəzaya uğramasın, qailər səbəbsiz yerə saxlamasınlar. O, işə düzələndən sonra bir axşam həyətdə dayanmış maşına yaxınlaşıb bir göz atdım. Həqiqətən də söz verdiyi kimi bütün şəkilləri bir-bir salonun qabaq tərəfindən sancaqla bərkitmişdi. Oğlan bir də söz vermişdi ki, Məhərrəmlikdə camaatı havayı pirə aparsın. Apardı da.

Sahibimin oğlu iki dənə idi. Böyüyünü artıq tanıyırsınız. Kiçiyi ilə də indi tanışdıraram. Ondan heç xoşum gəlmirdi. Birincisi ona görə ki, biz çox vaxt çöldən gələndə o əlindəki ucu şiş çubuqla məni deşdəkləyir, arada bir hətta ar- namus bilmədən ucu şiş çubuğu götümə belə soxurdu. Yəqin sizinlə bu cür məzələnməyiblər. Amma inanın o an mən cərəyan vurmuş kimi dik atılırdım. O isə bu mənzərədən xoşhal olur, qaqqanaq çəkib gülürdü. Hər şeydən çox məni ağrıdan isə onun bu cür arsız –arsız gülməyi idi. Elə gülürdü ki, sanki mənə əzab deyil şəkər verirdi. Onu sevməməyimin ikinci səbəbi isə uşaqlığımda gördüyüm kədərli bir hadisə ilə bağlı idi.

Əvvəla onu deyim ki, sahibimin qəribə sənəti var idi. O axtaçı idi. Uzun müddət kolxoz fermasında ətlik qoçları, cöngələri axtalamaqla məşğul olmuşdu. Ən son axta elədiyi heyvan olmaq isə çox təəssüf ki, mənim bəxtimə düşmüşdü. Nə qədər şanslı olduğum burdan bəlli olur. Sahibim bu işi çox böyük həvəslə edərkən mən yalnız canımdakı ağrının hayına qalmışdım. Onda hələ nələri itirdiyimin fərqində deyildim. O zaman mən yalnız fiziki ağrıları duyurdum, psixoloji ağrılar isə sonra gələcəkdi.

Sahibimin kiçik oğlu ilə tay tuşlarının  meşənin qalın yerində anamın noxtasını ağaca bağlayıb növbə ilə arxasında get-gəl etdikləri zaman da mən seksual istəyin nə olduğunu dərk eləmirdim. Və onların anamla bu cür qeyri-ənənəvi rəftarı mənə insanların daha bir işinə yaramaq kimi gəlirdi. Onda bu mənim üçün odun daşımaq kimi bir iş idi. Özü də onlar təkcə anamla belə eləmirdilər. Qonşudan olan başqa dişi eşşəkləri də bu işə qatırdılar. Biz erkəklərin dişi eşşəklərdən fərqi bax elə bunda idi, bizə bu işi gördürmürdülər. Qalan bütün işlərdə isə biz dişi eşşəklərlə eyni hüquqa sahib idik.

Məsələnin mahiyyətinə varanda isə artıq gec idi. Hər şeyi Bakıda bir gün yenə otlamağa çıxarkən buruqların arasında dolaşan dişi bir eşşəyi görərkən anladım. Onun nazlı yerişi məni valeh edirdi. Bir an belə itirmədən ona sarı qaçmaq istədim. Lakin içimdə baş qaldıran bir ağrı mənə mane olurdu. Bu həmən ağrı idi. Eynən axta olunan zaman keçirdiyim ağrılara bənəyirdi. Mən o eşşəyə sarı qaçmaq istəyirdim, paçamın arasındakı ağrı isə  məni tormozlayırdı. Elə bil məni silahsız Qarabağa göndərirdilər, ya da xüsusi eynəksiz 3D ölçülü filmə baxmağa aparırdılar. O an uşaq vaxtı sahibimin oğlunun və taytuşlarının anamın və qonşu eşşəklərin başlarına gətirdikləri oyunlar təkrar gözlərimin önündə canlandı. Sən demə mənim əsl görməli olduğum işi sahibimin kiçik oğlu və onun tay-tuşları edirlərmiş. Və o vaxt içimdə gizli bir vicdan əzabı keçirməyə başladım. Utancımdan özümü qoyun - quzunun arasına verib çömbələrək gizlənməyə çalışdım. Elə o vaxtdan hər fürsətdə sahibimin oğlunu dişləməklə, onun belimdən vurub salmaqla bu əzabı bir az olsun azaltmağa çalışdım. Bəzi insanlar qəddardırlar. Yox məncə bütün insanlar qəddardırlar. Çünki sahibimin, onun böyük oğlunun və kəndimizin digər kişilərinin nə vaxtsa belə bir iş tutmadığına inanmaq inanılmaz bir iş idi. Bunun şahidi olmasam belə. Lakin bununla belə bütün insanlığa qarşı çıxmaq mümkünsüz idi. Buna mənim eşşək iradəmin gücü yetməzdi. Onun üçün acığımı yalnız sahibimin kiçik oğlundan çıxmaqla təskinlik tapırdım. Tezliklə sahibimin kiçik oğlunun əsgərliyə yollanmasıyla mənim də kədərli xatirələrim yaddaşımın şimal əyalətlərinə çəkilməyə başladı. O eşşəklə isə daha maraqlanmadım.

Bir il ərzində ailəyə bir qara qəpik xeyir gətirmədiyimi nəzərə alan sahibim təzəcə məni satmaq eşqinə düşmüşdü ki,  ona Neft şirkətində qarovulçuluq işi təklif olundu. Bütün günü buruqlarında arasında dolaşmalı, oradan keçən neft borularının təhlikəsizliyini qorumalı idi. Bu o qədər də ciddi iş deyildi. Yəni burada törədilə biləcək terror aktından söhbət gedə bilməzdi. Əsas məqsəd buruqların olduğu ərazidə məskunlaşmış əhalinin Neft şirkətinin ərazisində olan qurğulara ziyan verməsinin qarşısını almaq idi. Bütün günü buruqların arasında dolaşacaqdı. Bu iş üçün hətta ona velosiped də vermişdilər. O isə belə bir taktiki gediş etdi. Velosipedi satdı. Yerinə məni minməyə başladı. Onun puluna isə evə çanaq antena aldı ki, qızları SHOWTV-dən verilən “Acı hayat” serialına baxa bilsinlər. Beləcə mənə də iş tapıldı. Mən də qeyri-rəsmi olaraq Neft şirkətinin işçisi oldum.

Bakıya köçməyimizin ikinci ili sahibim böyük oğlunu evləndirmək qərarına gəldi. Nişan tədarükü ilə əlaqədar həyətdəki heyvan-qaranın hamısını satdı. Təkcə məndən və toyuq – cücədən başqa.  Bax elə bundan sonra da mənim qara günlərim başladı. Oğlan evlənib kef çəkəcəkdi, mən isə dərd. Sahibim heyvan-qaranı satdıqdan sonra arada toyuqlar üçün bir-iki kilo arpa almağını nəzərə almasaq daha yem almırdı. Arpadan isə yalnız toyuqlara dən səpildiyi zaman sahibimin gözündən yayınmağa imkan tapanda yeyə bilirdim. Qalan vaxtlar isə ya iş vaxtı buruqların arasında dolaşarkən rast gəldiyim ot-ələfdən yeyir, ya da işdən sonra sahibim məni açıb özbaşıma buraxdığı zamanlarda yem axtarışlarına çıxaraq qarnımı bir təhər doyururdum.

Başqa sakinlərin də qoyun-quzuları olduğundan yem tapmaq get-gedə daha da çətinləşirdi. Ətraf ərazidə demək olar ki, bir çimdik belə ot qalmamışdı. Amma bir gün gördüm ki, qonşulardan biri öz heyvan-qarasını bizim evdən bir az aralıda buruqlara yaxın dərədəki zibillikdə otarır. Bütün qəsəbənin zibili həmən dərəyə atılırdı. Zibillik həmişə bir ucdan yandırıldığından oralar toz-duman, tüstü içində olardı. Oralarda sahibsiz küçə itləri də dolaşardı. Mən daha aclığa tab gətirmədiyimdən vasvasılığımı bir yana buraxıb özümü verdim həmən zibilliyə, tüstü-dumanın içinə. Əlimə keçən quru çörəkdən, kartof – soğan qabığından, göy-göyərti qurusundan, yemək qalığından nə tapırdımsa ağına bozuna baxmadan içəri ötürürdüm. Hətta bir ara kökəlməyə də başlamışdım.

Burada həyat uğrunda əsl mübarizə gedirdi; itlər, inəklər, qoyunlar, quşlar və mən bir-birimizə aman vermirdik. Hələ mən zibillikdə eşələnən cücüləri demirəm.  Arada zibillikdə dolaşıb, butulka, köhnə əşya, əski-üskü, qurumuş çörək  toplayan cır-cındır geyinmiş adamlara da rast gəlmək olurdu. Qısacası zibilliyi zəbt etmək uğrunda altı tərəfdən əsl hücum başlanılmışdı. Eşitdiyimə görə yaşamaq uğrunda bu cür mübarizə daha çox əsgərlikdə, müharibədə və həbsxanada özünü biruzə verir. Hər kəs yalnız öz hayına qalır. Və sağ qalması naminə bütün insani məziyyətlərindən keçməyə hazır olur.

Yavaş-yavaş heyvanların sayı artırdı. Qonşulardan kimsə donuz saxlamağa başlamışdı. Donuzlar isə zibilliyə girdilərmi dibinə daş salmayanadək əl çəkmirdilər. Bundan ən çox hirslənən itlər olurdu. Biz otyeyənlərin axtardığı bitki mənşəli qida olduğu halda donuzlar ət tullantılarını da həzmi-rabedən keçirirdilər. Bu da itləri daha çox qəzəbləndirirdi. Arada mən də yeməyə bir şey tapmayanda it – pişiyin gözündən yayınaraq boş konserv qablarının içinə yalayırdım. Düzdür dilim dilim-dilim olsa da bunu çox da önəmsəmirdim. Çalışırdım arada damağımın tamını dəyişim. Tomatlı konservlər mənə lap ləzzət verirdi.

Bir müddət sonra o zibillikdən uzaqlaşdım. Onsuz yeməyə bir şey qalmamışdı. Həm də bəzi insanların sayəsində - onlar əziyyət çəkib zibillərini zibilliyə deyil, hara gəldi; dalanlara, küçələrin tinlərinə, gözdən iraq, xəlvət yerlərə, hasar diblərinə atırdılar – zibilliyə getməyə ehtiyac qalmamışdı. Küçələrdəki yığılıb qalmış zibillər buraya köçənlərin sayına mütənasib olaraq artırdı. Küçədə-bayırda o yan bu yana qaçan uşaqları saymasaq heç mənə fikir verən yox idi. Arada bu uşaqlar da qonşumun kiçik oğlu kimi ucu şuş çubuqla məni deşdəkləməyə çalışırdılar. Amma mən artıq əvvəlki əfəl eşşək deyildim, yaxın durmaq istəyənə yaxşıca qoşatəpik ilişdirib aradan çıxırdım. Küçə-küçə dolaşır, dalanlara, küçələrin tinlərinə, hasar diblərinə atılmış salafan paketləri böyük ustalıqla dodaqlarımla açır, tapdıqlarımı acgözlüklə gəmirirdim. Tapdığım qida ilə qarnımı rahatca doyururdum.

Daha sahibim də mənə fikir verməz olmuşdu. O mənim öz başımın çarəsinə baxmağımdan məmnun idi. Mən də ondan nəsə gözləmirdim. Səhərlər işə gedir, ətraf əraziləri dolaşır, naharda evə qayıdırdıq. Bir də günortadan sonra əraziyə baxışa çıxırdıq. Mən bu ərəfələrdə ərazidə rastıma çıxan ot - ələfdən yeyir, bir təhər aclığımı yatışdırırdım.  İşdən qayıtdıqdan sonra isə əsl yem axtarışı ilə küçələri dolaşmağa başlayırdım.

Biz buraya təzə köçəndə küçələrin sayı lap az idi.  İndi isə ev əlindən addım atmağa yer qalmamışdı. Səhər yuxudan durub görürdün ki, dünən gəzdiyin yerdə bir gecəyə gecəqondu ucaldılıb. Evlərin, küçələrin sayı artdıqca küçələrə tökülən zibillərin də sayı artırdı. Bu isə mənim xeyrimə idi.

Bir Amerika alimi tədqiqatlar nəticəsində belə bir qərara gəlib ki, əhalinin gəlirləri artdıqca məişət tullantılarının sayı da artır və əksinə. Bunu çoxdan bilirdim. Mən də uzun müddət araşdırma apararaq bu qənaətə gəlmişəm: əhalinin gəlirləri artdıqca zibillərin arasında əsasən bu növ tullantıların sayı artır; çörək qurusu, banan, nar qabığı, ananas, alma köşəyi, üzüm salxımı, sitrus meyvələri. Gəlirlər azaldıqca isə kartof-soğan qabığının çəkisi əhəmiyyətli dərəcədə artır, yuxarıda sadalanan tullantılar isə azalmağa başlayır. Gəlirlərin artması və azalmasını alma misalında nəzərdən keçirək. Belə ki, gəlirlərin artdığı dövrlərdə alma köşəkləri daha çox lətli, ala murdar yeyilmiş halda olur. Gəlirlər azaldıqca isə alma köşəyi daha çox nazilir, bir dəri bir sümük qalır. Hətta bəzən salafanın içində bir iki toxumdan başqa heç bir əsər əlamət olmurdu almadan. Başqa sözlə əhalinin gəlirlərinin artıb-azalmasını alma köşəyi ilə, kartof qabığının qalınlaşıb nazikləşməsilə müəyyən etmək olar. Tədqiqatlarım nəticəsində gəldiyim qənaəti məmuniyətlə “Boz eşşək mütənasibliyi” adlandırardım. İnanmıram ki, həmən alim məndən incisin, həm də mənim qədər zibilliklərdə eşələnmədiyi üçün tezisimə qarşı çıxmağa cürəti çatmaz. Onunki isti kabinet, yeni model kompüter, bir də iş masasının altındakı zibil qutusudur, vəssalam!

Get-gedə kənd haqqında xəyallarım əriyib yox olmağa başlayır, yerini bu cür urbanistik mözulara verirdi. Cəhənnəmdə cənnət haqqında düşünmək yaramaz. Həm də oraya bir daha qayıtmayacağını bildiyin halda. Mənsə oraya – füsunkar təbiətli kəndimizə qayıtmayacağıma əmin idim. Heç qayıtmaq da istəmirdim. Əvvəlki kimi dərimin rəngi şabalıdıya çalmırdı. Günün altında güzgü kimi bərq vurmurdu. Mən indi bomboz bozarmışdım. Şəhərin bütün hisi, külü dərimin rənginə hopmuşdu. Şəhərin rəngini almışdım. Bu görkəmlə şəhərdən kəndə qayıtmaq isə abırsızlıq olardı. Qərarımda qəti idim. Ömrümü şəhərdə başa vuracaqdım.

Mən şəhər eşşəyi olmuşdum. Daha  yaşıl çəmənlərin otları ilə deyil, küçələrin tin-bucaqlarına, divar diblərinə  atılmış tullantılarla dolanırdım. Yediyim qidaların tərkibindəki kimyəvi qarışıqlar qan-damar xəstəlikləri, ürəyin infarktı, şəkər, xərçəng və başqa xəstəliklərin intişar tapmasına zəmin yaratsa da bu məni qorxutmurdu. İpoxondrikliyə lüzum yox idi. Onsuz insanların süfrələrinin artıqlarını yeyirdim, necə olsa insanlar da bu xəstəliklərdən əziyyət çəkirdilər.

Kənddən fərqli olaraq şəhərdə daha sərbəst dolaşırdım. Orada hər tinbaşı mənə yük daşıtdırmaq istəyən adamlara burada rast gəlinmirdi. Küçələrdə ürəyim istədiyim kimi, ürəyim istədiyi qədər dolaşırdım. İnsanlar mənə qarşı olan dözümlülük, laqeydlilik nümayiş etdirirdilər. Özlərini tolerant aparırdılar. Bununla belə bəzən onları anlamağa çətinlik çəkirdim. O dişi eşşəyi həmən məlum və məhzun rastlayışdan sonra nə görmüşdüm, nə də bir də görmək istəmişdim. Bildiyim qədəriylə isə bizim qəsəbədə məndən başqa eşşək yox idi. Amma tez –tez qəsəbənin əksər zibil tökülən küçələrində divarların üstündə rast gəldiyim bir yazı məni yaman özümdən çıxarır, iştahımı küsdürürdü: “EŞŞƏK, BURA ZİBİL ATMA!”.Mənsə heç vaxt küçəyə zibil atmırdım. Mən küçəyə zibil atmırdım, atmırdım, atmırdım!

           


Tarih: 15:19, 15/10/2008 Kategori: PROZA
Yorum (yok) | Yorum yaz | Bağlantı

<- | Sonraki Sayfa ->