Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler


Arkadaşlarım


Aytamtovun ayıtmaq bacarığı

Aytmatovun ayıtmaq bacarığı

 

Aytmatov cəsarəti

 

Hələ orta məktəbdə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından “Manqurt əfsanəsi”lə bağlı hissəni oxumuşdum. Kitabı tam oxuyana kimi mənə elə gəlirdi ki, roman həmən bu manqurtdan, juanjuanlardan, Ana Beytdən, qədim qazaxların həyatından bəhs edən bir əsərdir. Əsəri bitirəndən sonra məlum oldu ki, “Manqurt əfsanəsi” romanın cəmi 20-30 səhifəsini əhatə edir. Bununla belə bu əfsanə, romanın manqurt hissəsi dildən-dilə dolaşır, Çingiz Aytmatov adı ilə yanaşı işlənir. Bəlkə də Çingizin ən ədəbi uğurlarından biri  bu kiçicik bir hissə ilə özünə məşhurluq qazana bilməsidir.

 

Məncə bunun başqa səbəbləri də var; bu əfsanənin uydurmadan çox real hadisəyə bənzəməsi, hadisələrin orta əsrlərdə baş verməsi(insanlarda orta əsrlərə dair xüsusi bir maraq var), bu hadisədə insana uyqulana biləcək cəza vasitələrinin ən qəddarının verilməsi, “manqurt” ifadəsinin özünün tarixi, psixoloji, sosioloji, çalarlarının olması.

 

Çingiz Aytmatov Sovet dövrü ədəbiyyatının böyük yazıçılarından  olmuşdur. Hətta bir ara Nobelə namizədliyi belə irəli sürülmüşdü. Soljenitsn Nobelə ədəbi bacarığından çox siyasi mövqeyinə görə sahib olduğu kimi Aytmatovun Nobelə namizəd olmasında da onun seçdiyi mövzuların Avropa (burada Rusiya da nəzərdə tutulur) üçün yeni, işlənilməmiş, xam mövzular olması idi. Aytmatov əsərlərində, orta Asiya xalqlarının həyat tərzini, unudulmuş adət - ənənələrini, mərasimlərini, folklorlarını əks elətdirsə də, burada o qoyulmuş həddən kənara çıxa bilmirdi. Belə ki, ilk baxışdan özünü adət - ənənələrin keşiyində duran bir adam kimi biruzə verən yazıçı əsərlərində türkçülükdən danışacaq qədər uzağa getmir. Əslində isə özünü adət-ənənələrin qayğıkeşi göstərən yazıçı heç olmaya bir abzas da olsa türkçülükdən yazmalı idi.

 

Aytmatov türkçülükdən yazacaq qədər cəsarətli deyildi, əks təqdirdə ədəbi qəhrəmanı Abutalıb Kuttubayovun gününə düşəcəyini bilirdi. Soljenitsn isə Aytmatovda olmayan cəsarətini ortaya qoydu və ömrünün bir hissəsini həbsdə keçirirsə belə Nobeli aldı.   

 

Sartr əqidəsini maddiyyatdan üstün tutduğu üçün Nobeldən imtina eləmişdi. Aytmatov isə Nobelə namizəd olan vaxtlarda görüşünə gəlmiş bir qrup Azərbaycan yazıçısına onlar Aytmatovdan Qarabağ münaqişəsi haqqında fikrini almaq istədikdə mənim bu hadisələrdən xəbərim yoxdur cavabını vermişdi. Bu münaqişə haqqında “artıq” bir şey deyəcəyi təqdirdə Nobeli itirəcəyindən qorxurdu. Belə çıxır ki, Çingiz Aytmatov yuxarıları qıcıqlandırmayacaq qədər adət-ənənə, dəyər keşikçisi, keçmişinə, öz soy – kükünə sayğıyla yanaşan biri olub. O zaman  Aytmatovun işini itirməməkdən ötrü atasının son arzusunu yerinə yetirmək istəməyən Sabitcandan nə fərqi olur?

 

Oruell sayaq

 

Mariya Varqas Lyosanın “Gənc romançıya məktub” adlı bir kitabı var.  Orada Lyosa roman yazmağın qaydalarından, onu təşkil edən elementlərdən  danışır. Kitabdakı qaydalardan biri də zamanlararası sıçramalardır. Zamanlararası sıçramalar romançıya hadisələr arasında daha rahat hərəkət etməyə, daha geniş konstruksiya qurmağa imkan verir, romanı daha da zənginləşdirir.

 

Ayitmatovun “Gün var əsrə bərabər” romanını bu kirteriya baxımından izah edərsək, roman son dərəcə mükəmməl alınmışdır. Roman boyu müəllif oxucunu gah əlli il əvvələ - qəhrəmanın cavanlığına, gah orta əsrlərə, gah da gələcəyə, kosmik aləmə aparır. Oxucu təsəvvüründə həm orta əsrlər dövrünü, həm də kosmik aləmi, dünyadankənar sivilizasiyaları, gələcəyi canlandırmağa çalışır.

 

İlk adı “Boranlı razyezdi” olan əsərdə hadisələr Sarı –Özək çöllərində yerləşən beş- altı evdən ibarət kiçik bir qəsəbədən danışılır. Qəsəbədən bir neçə kilometr aralıda isə kosmik agentlik yerləşir. Bu agentlikdən kosmosa raketlər buraxılır, elmi təcrübələr aparılır. Sovet hökümətinin var qüvvəsi ilə bütün elmi-texniki nailiyyətləri kosmik fəzanın fəthinə cəlb elədiyi bir vaxtda halda yaxınlıqdakı kiçicik qəsəbədə insanların yaşaması üçün normal şərait yoxdur. Onlar  nəqliyyat vasitələri hələ də dəvə olaraq qalır və bu qəsəbədə yalnız taleyin üz çevirdiyi Qazanqap, Yedige, Abutalıb Kuttıbayov kimi adamlar yaşamağa məcburdurlar. Bu cəhənnəmdə heç kəs öz xoşuna yaşamaz. Əsər boyu oxucunu yazıçının tapıb çıxardığı maraqlı təzadlar müşaət edir.

 

Çingiz Aytmatov əsərlərinin mövzusu insan, onun iç dünyasıdır. Hakimiyyətin qınağı ilə üzləşməmək üçün də ən rahat mövzu da elə budur. Lakin “Gün var əsrə bərabər”də yazıçı bir az irəli gedə bilib. O sistemdən yazıb, sistemin tətbiq etdiyi qaydalardan, idarə etmə üsullarından yazıb.

 

“Paritet” kosmik agentliyi, Meşəlidöş planeti, o planetə səfər edən afstronaftlar ilk öncə əsərə yamaq kimi görünsə də yazıçı onu elə tikir ki, o yamaq kimi yox “paltar”ın lazımı detallarından biri kimi göz oxşayır. Yeni sivilizasiyalarla tanışlıq, onların nailiyyətlərini öyrənərək bəşəriyyətin bir neçə il ərzində min illərdə əldə edə biləcəyi nailiyyətləri əldə edə biləcəyi halda ABŞ və SSRİ kimi supergüclər bu inkişafa qarşı çıxırlar. Çünki bu inkişaf tempi onların bəşəriyyət üçün uyğun gördükləri tempə uyğun gəlmir və sivilizasiya sıçraması baş verə biləcəyi təqdirdə onlar dünyanın onların idarəsindən çıxacağını, ən pis halda isə Dünyanın yadplanetlilərin təsiri altında düşəcəyini düşünürlər.

  

Aytmatov atasının yas mərasimində mənfi obraz – manqurt kimi qələmə verilən Sabitcanın dili ilə hakim güclərin iç üzünü  açır. Düzdür burda elə bir yenilik söyləmir Sabitcan. Sabitcanın gələcək haqqında söylədikləri, sistemin insanlara daha ciddi şəkildə nəzarət edəcəyini, hətta insanının hisslərinə belə nəzarət ediləcəyini söyləsə də bütün bunları yarım əsr əvvəl Corc Oreull “1984” romanında söyləmişdi. Bu da  Çingiz Aytmatovun sistemə “qarşı xəfif” etirazı.

 

Zootexnikliyin yazıçılığa faydası

 

“Gün var əsrə bərabər” bir tülkünün ov axtarması ilə başlayır. Tülkü sinə - sinə çöllükdə gəzir, həm özünü təhlükədən qoruyur, həm də ov axtarır. “Ağ gəmi”də isə ana maral əsərin əsas obyektlərindən biridir.  Mən əvvəlcə “Əlvida, Gülsarı” əsərinin adını eşidərkən elə bilmişdim ki, orda qadından danışılır. Sən demə o əsərdə də Aytmatov bir atla bir qocanın taleyindən  danışırmış.

 

Aytmatovun cavan vaxtlarında  bir müddət zootexniliklə məşğul olduğu məlumdur. Şübhəsiz peşəsinin ona bir faydası toxunub. Onun heyvanları əsərin koloroitini artırmaqdan çox bədii obraz kimi verilib. Tülkü də, ana maral da, Gülsarı adlı at da Aytmatovun qəhrəmanlarıdır, onlar da hiss edirlər, düşünürlər öz davranışları ilə hadisələrə birbaşa təsir edirlər. 

 

Aytmatovun qadınları

 

Böyük Vətən Müharibəsindən bəhs edən Azərbaycan əsərlərində müharibənin yaxından – uzaqdan toxunduğu qadın qəhrəmanları hər zaman sevgililərinə qarşı sadiqlik nümayiş etdiriblər. Ərinə sədaqətsizlik etmiş qadın obrazı xatırlamaq istəyəndə təkcə “Tütək səsi” filmini xatırlamaq kifayət edir; müharibədə əri ölmüş qadın başqa bir kişiyə ərə getdikdə bütün kəndin qınaq obyektinə çevrilir. Həm də bu qınaq təkcə hadisənin baş verdiyi kəndin sakinlərində deyil, filmi izləyən tamaşaçılarda da özünü biruzə verir.

 

Nədənsə mənə həmişə elə gəlirdi ki, Böyük Vətən müharibəsi və eləcə də Stalin repressiyası zamanı ərini, nişanlısını, sevgilisini itirmiş qadınlar heç zaman seksual baxımdan həyatlarını davam etdirməyə çalışmamışlar. Əlbəttə bunlar hisslərimin mənə verdiyi qənaətlərdir. Həyatda belə olmadığı bəllidir.

 

Aytmatovun qadınları isə bir başqadır. Onun qadınları ərlərini, sevgililərini müharibədə itirsə də yaşamağa davam edir, hər şeydən əvvəl özünün də qadın olduğunu və bir kişiyə möhtac olduğunu anlayır. Buna görə də “Ana Tarla”dakı ərini itirmiş Aliman heç müharibədən bircə il keçməmiş seksual hisslərini boğa bilmir və yoldan ötən bir çobana təslim olur. Aildə isə bu hadisəni öz xeyri üçün istifadə etməyə çalışan, oğlu oğurluq üstə həbs olunmuş bir qadından  başqa heç kəs dinmir.

 

Cəmilə müharibədə olan ərini tərk edir və öz sevgilisi ilə qaçır.  Müharibədən  bir neçə il sonra Tanabay ərini müharibədə itirmiş Bübücanla yaxınlıq edir. Bübücan əvvəlcə Mahsun Kırmızıgül təbiri bu sevdanın sonu olmadığını anlasa da – Tanabay ailəli idi – öz hisslərini boğa bilmir, gecələri Tanabayın həsriti ilə yatağında qovrulur.

 

Ən qəribəsi isə odur ki, müəllifin özündə də istər Alimana, istər Cəmiləyə, istərsə də Bübücana qarşı heç bir mənfi münasibət yoxdur. O da ərlərini müharibədə ölmuş bu qadınlara haqq qazandırmağa çalışır, onlara “sizin əriniz bu vətən uğrunda döyüşür, canından keçir, faşizmə qarşı vuruşur, siz bütün ömrü boyu ən məhrəm hisslərinizi buxovlayaraq yaşamağa məhkumsunuz” demir. Bu cür fikirləri isə həmən qadınları top atəşinə tutaraq bir çox yazıçılar söyləyiblər.

 

Çətin qiymətləndirmə

 

Çingiz Aytmatovu Azərbaycanda  əvvəllər böyük sovet yazıçısı adlandırırdılar, indisə böyük türk yazıçısı adlandırırlar. Onun “Gün var əsrə bərabər” əsəri təqdirə layiqdir, bir roman üçün mükəmməl  konstruksiyaya malikdir. “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri də maraqlıdır, lakin Kirsk taleyin, səmt küləyinin və bir də bayquşun ümidinə qalıb. Heminqueyin qəhrəmanı qoca Aytmatovun uşaqlarından da cəsarətlidir, o tale filan hərləmir, sahilə çatıb qüvvə toplayandan sonra yenidən dənizlə savaşa başlayacaq.

 

Aytmatov sovet dövrü ədəbiyyatının kriteriyalarından kənara çıxmadan, neçə illərdən bəri bu ədəbiyyatında oturuşmuş üslubda yazsa da fərqlənməyi, seçilməyi bacarıb. O cavan yaşlarında yazdığı əsərlərində də həmişə özünü müdrik kimi görsətməyə çalışıb. Ağsaqqal oxucuya da özünü müdrik bir insan kimi aşılayıb. Və bunu bacarıb.

 

Onun barəsində bacardıqca səmimi olmağa çalışıram. Heç bir tərəfin marağından çıxış etmədən oxuduqlarım barədə vahid qənaətə gəlmək istəyirəm. Olduqca çətindir. Şübhəsiz Çingiz Aytmatova ən gözəl qiyməti zaman verəcək. Qoy mənim qiymətim özümdə qalsın.


Tarih: 21:53, 14/4/2009 Kategori: TENqid
Yorum (yok) | Yorum yaz | Bağlantı

18.6 kalibrli roman

 

Məhşur postmodernist rejissor K.Tarantinonun “Kriminal qiraət” filmini ANS dublyaj etdikdə O.Fikrətoğlu film barədə rəy söyləyərək filmi xeyli tərifləmişdi: “...K.Tarantino küçə danışığını kinoya gətirdi...” əlbəttə filmi hansısa başqa kanal dublyaj etsəydi O.Fikrətoğlu mütləq mentalitetdən vurub dini dəyərlərdən çıxacaqdı. Filmi ailələriylə birgə izləyən bir çox  tanıdığım kişi filmin dublyaj variantını daha ailələriylə deyil “kişi kompaniyası”nda seyr etməyə başladılar. Səbəb film boyu obrazların dilindən düşməyən söyüşlərin olduğu kimi dublyajda işlədilməsi idi. Amma söhbətimiz “Kriminal qiraət” barədə deyil, “18.6 sm”dən danışacayıq, Seymur baycanın bu yaxınlarda çap olunmuş ikinci romanından.

Ilk öncə onu bildirmək istərdik bir çox tənqidçi və yazı adamlarının  qeyd etdikləri kimi roman heç də fiaskoya filana uğramayıb. Oxucu    yazıçı arasında keçilməyən  baryer olan bizim cəmiyyətdə nə yazıçı oxucudan xəbər tutur nə də oxucu yazıçıdan. Seymuru şəxsən tanıyan oxucularından başqa qalan oxucularının fikirlərini demək olar ki, bilmir. Amma bununla belə kitab mağazalara paylandıqdan qısa müddət sonra azsaylı oxucular tərəfindən alındı, oxundu və roman oxucuya xüsusilə Azərbaycan oxucusuna-insanına nə lazımdırsa onu da verrdi; gülüş, əyləncə, bəzən ehtiras, bir çox məhşurların telefon nömrələrini, bir də çoxlu yemək və araq adları.

Romana yönələn tənqidlərin ön birincisi; əsər əvvəldən-axıra açıq-saçıqlıqla, söyüşlə, seksual səhnələrlə doludur. Ümümiyyətlə bədii ədəbiyyatda açıq-saçıq səhnələrdən, söyüşdən, seksual səhnələrdən istifadə barədə uzun –uzadı yazmaq olar, bir güllə ilə ilə iki dovşan vurmayaq, bu dəfə V. Sarokindən bir sitat gətirməklə yetinək və “açıq-saçıq” söhbətini saxlayaq gələn yazımıza. Sarokini də eyni arqumentlərlə tənqid edənlərə cavab vermişdi ki, bizim cəmiyyətdə hələ də elə bilirlər ki, ədəbiyyat bakirə qızdır, ədəbiyyat bakirəliyin çoxdan itirib.

Bizim dar düşüncəli cəmiyyətdə də  belə bir fikir formalaşıb ki, guya yalnız fahişələr söyüş söyə bilər və seks haqqında düşünə bilərlər, ləyaqətli və ismətli qadınlar isə ümumiyytlə “eşşək”dən başqa söyüş bilmirlər və bilməməlidirlə də. Və qadın əgər ailə qurmayanadək(ismətli qadın!)  seksin nə olduğunu bilmir. Bu xüsusiyyətə malik qadınları görən kişilər isə aşkarda da olmasa ürəklərində həmən qadın haqqında “əxlaqsız quramalar” quraşdırırlar. Elə bilirsiz telefonlarımızda gəzdirdiyimiz pornofilmləri xanımlar  izləməyirlər, xeyir universtit dəhlizlərində tələffüz zamanı bir yerə toplaşan qızlar heç də düşündüyümüz kimi ev işlərindən, ülvü məhəbbətdən dəm vurmurlare, internetdən pornofilmlər yükləyib onlara oğrun-oğrun tamaşa edib sonra telefonlarının qardaşlarının əlinə keçməsindən qorxaraq yenidən pozurlar. “18.6 sm” məhz uzun müddət dəmir “əxlaq” pərdəsi  arxasında gizlədilmiş, reallıqdan minlərcə km uzaqlaşdırılmış xanımlara həmən dəmir pərdədən açılmış xırda bir dəlik oldu. Rəfiqələrimdən biri qəhrəmanın paralel qollarda fənn göstərərkən şalvarının cırılması və dalının çöldə qalması səhnəsini oxduqda xeyli gülmüş və dayana bilməyib rəfiqələrinə zəng vuraraq onlarla da bölüşmüşdü.

“18.6 sm” mətbəxtdə oxunulası kitabdı. Oxucu  bir əlilə səhifələri vərəqlədikcə o biri əlilə elə istəyir ki, ağzına nəsə dürtsün. Əsər boyu qəhrəman eləcə nəsə yeyir, onun məqsədi sadəcə yeməkdir, dana basdırmasıdır, camış qatığıdır, ocaqda bişirilmiş bozbaşdır, təndir çörəyidir. Hətta Həcc ziyarəti zamanı vəfat etmiş deputat F.Qəzənfəroğlunun yas məclisindən reportaj haırlamaq məqsədilə mərhumun doğulduğu bölgəyə ezam olunan şərti Seymur hüzrdə belə iştahın saxlamır, başqaları aşqaradan bir boşqab yeyirsə o “Dədə Qorqud” filmindəki Tural anasına buyurduğu kimi 2 boşqab yeyib məclis əhlinə mərhuma nə qədər yaxın olduğunu göstərir.

Hər bir aərbaycanlının içində gizli bir Rusiya sevgisi var və ya elmi dildə deməyə çalışsaq rusmaniya. 18 yaşını 6 ay ötürmüş hər bir Azərbaycan kişisi istəyir ki, işləmək bəhanəsi ilə Rusiyaya getmək arzusuyla yaşayır. O heç də Rusiyaya işləmək,pul qazanmaq dalıyca getmir, şüuraltıaltı olaraq istəyir ki,  gəzsin, eyş-işrətlə yaşasın, əylənsin, qeyri-azəri qızlarıyla kef eləsin, qısası onu vətənində sıxan bütün komplekslərdən qurtulsun. Seymur özü demiş; “Sərhəddi keçəndə mən dəyişirəm, tamamilə başqa adam oluram, bütün komplekslərim yox olur.”  Eynən Qarabağ müharibəsi vaxtı Aərbaycana qayıdıb cəbhəyə yollanmağına indi it kimi peşman olmuş kapitan Qəhrəmanov kimi. “Kim ki, rus kəndində axşamın düşməyini, üstü xırda güllü, yüngül çit don geyinmiş sağlam rus qızlarının örüşdən qayıdan, əmcəkləri südlə dolu inəkləri sağçmağını, rus qarılarının başalrını düz tutub bir-birlərinin üzünə baxmadan saatlarla tum çırtlayıb söhbət etmələrini görməyibsə, hesab etsin ki, heç nə görməyib”. Bu kapitan Qəhrəmanovun nostalji hisslərindən doğan sözləridir, azərbaycanlının içindəki gizli rusmaniya sevgisindən doğan şüar da təxminən elə bu cürdür: “Kim ki, 1 dəfə də olsun Rusiyada olmayıbsa hesab etsin ki, heç yaşamayıb”. Rusiyadan behs etmişkən rus inqilabçılarına, rus maarifçilərinə də azca toxunaq.

Seymur qadınlardan, yeməklərdən, araqdan yazmasın da bəs nədən yazsın? Qəhrəman hər fəsildə növbənöv yeməklər yemək yerinə inqilabi fəaliyyyətlə məşqul olsaydı, “Sahil” metrosunun çıxışında dayanıb yoldan ötənlərə inqilabi vərəqələr paylayıb, sonra da polisdən gizlənərək Basində məhəllələrdən birinə girib öz yarıqaranlıq mənzilində gizli yığıncaq filan təşkil etsəydi, bu kimə zövq verərdi, bilmirəm, əsərin bu qədər  oxunaqlı, ürəyəyatan, “tez həzm olunan yemək” olması qidaya həsr olunan bölməmlərin çox olduğu üçündür. Hər bir yazıçının formalaşmasında ətrafındakı, yolda rastlaşdığı, tanış olduğu insanların  çox böyük rolu var; Gertsenin, Belinskinin, Bakunin,Turqenevin formalaşmasında XIX əsr rus ictimai-siyasi mühütünün, rus cəmiyyətinin ölçüyəgəlməz rolu olduğu kimi, Seymur Baycanın da bir yazıçı kimi formalşmasında gedonist xislətli Azərbaycan cəmiyyətinin az rolu yoxdur.

Yuxarıda qeyd etdiyimiz kimi romanın dilinin çox sadə olması və yazarın bədiiliyə çox aludə olmaması, folknersayağı uzun uzadı mürəkkəb cümlələrə yer verməməsi  oxucunu yormur, ona əsəri mənimsəməkdə maneə törətmir. Amma onu da qeyd etmək gərəkdir ki, Seymurun ağına –bozuna baxmadan yeri gəldi-gəlmədi rus sözlərindən, jarqonlardan istifadə etməsi əsərin ədəbi gücünə xələl gətirir.

          Yeri gəlmişkən əsərdə bu il tədris ili başlayandan gündəmdən düşməyən “məktəb forması” məsələsinə də toxunulub: “...məktəblərdə şagirdlərə sərbəst geyinmək imkanı vermək lazımdır. Bu, şagirdlərdə zövqlə geyinmək mədəniyyəti yaradır. Həm də məktəbli forması erotik geyimlərdən sayılır. Məhz buna görə də kollec mövzusunda çəkilmiş erotik filmlər qısa zamanda populyarlıq qazanır”. Təhsil nazirlliyi bu nüansı nəzərdə tutsa yaxşı olar.


Tarih: 00:57, 6/5/2008 Kategori: TENqid
Yorum (yok) | Yorum yaz | Bağlantı

Sorokinin buz dövrü ve ya "iyrenc" yazıçı haqqında etirli qeydle

 

 

Sarokinin buz dövrü

və ya “iyrənc” yazıçı haqqında ətirli qeydlər

İlahi insanı, qanadlı şəkildə yaradıb,

 yalnız duyğularla, səssiz-sözsüz

danışmaq üçün yardıb.

Vaqif Bayatlı Odər

Proloq

Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini  verib, bununla belə yaxın illərdə  bizim oxucunun məsəl üçün V. Sorokini tərcümədən oxumaq ehtimalı sıfırın altındadır. Onun əsərlərində bir qayda olaraq incə duyğularla, erotikayla pornoqrafiyanın sərhəddi itir, onun yaradıcılığında həyatın dibində yer alan səhnələr üzə çıxır, hər şeyi çılpaqlığı ilə verə bilir. Hər şeyi öz adı ilə verir və bunu elə məharətli şəkildə bacarır ki, vasvası oxucu davam gətirməyib qaytara da bilər. Sevinc Pərvanəni, Qan turalını, Seymur Baycanı eləcə də məni (təvazökarlıqdan uzaq oldu deyəsən ) əsərlərimizdəki açıq-saçıqlığa, seksuallığı qabartmaqda ittiham edən tərəflər Sarokini oxusalar əlləri üzlərində qalar. Əminliklə deyə bilərik ki, bizim yazarlarımız  nə qədər açıq-saçıq olsalar  belə  hələ bizim  ədəbiyyatda bu cür açıq pornoqrafik səhnələrlə zəngin bədii əsərlər yazılmayıb. Yəqin bizim cəmiyyət buna hazır deyil və biz də bu hazırsızlığı nəzərə alaraq romandakı pornoqrafik səhnələrin üstündə hiss edilmədən keçəcəyik.

“Buz”lu yollarla

2006-cı ildə V.Sorokinin  içinə “Bro yolu”, “Buz”, “23000” romanlarının daxil olduğu trilogiya işıq üzü gördü. Sorokin “Buz”un üzərində düz beş il çalışmışdı. Kitab o qədər ciddi alınmışdı ki, hətta tənqidçilər də bunu Sorokinin yazdığına şübhə etməyə başlamışdılar, trilogiyada əvvəlki açıq-saçıq, həyasız, “iyrənc”, “ürək bulandıran” Volodyadan əsər -əlamət yox idi.

Sorokin ədəbiyyata yeni baxış bucağı gətirib, bakirə ədəbiyyat pərisini axşamları C. Cabbarlı heykəli ətrafı ətrafında dövrə vurub dayanan 5-10 manatlıq fahişəyə çevirib. O deyir; “Çoxları elə bilir ki, ədəbiyyat bakirə qadındır, lakin o çoxdan bəkarətini itirib”. O həm də deyir; “...ədəbiyyat moralist əsər deyil, bədii əsər oxucunun dincəlməsi, zövq alması üçündür, ona əxlaq dərsləri keçmək üçün deyil, ədəbiyyat necə yaşamağı öyrətmək üçün deyil”.

Sorokinin trilogiyası bir suyundan da K. Vonnequrtun “Pişik beşiyi” romanını xatırladır, hər ikisində axirətin əlamətləri var- dünya Apokalipsisin bir addımlığında dayanıb, lakin Olqa və Börnün səyləri nəticəsində Dünyamız xilas olur. Romanın əsas özəlliyi ondan ibarətdir ki, Sorokinin uydurmasına oxucu da inanmağa başalyır və əsərin elə bir yeri gəlib çatır ki, oxucu qərar verə bilmir kimin tərəfində dursun, seçilmiş, sarı saçlı, mavi gözlü (İşıq Qardaşlığının üzvləri  bu əlamətləri ilə fərqlənirdilər) İçıq Qardaşlığının, yoxsa bizi kimi insanların tərəfindəmi. Amma bizi kimi qara saç, qara göz oxuculara yüz faiz məlumdur; dünyanın sonu Sarokinsayağı gələrsə o zaman biz seçilmişlərin sırasında yer almayacayıq.

İşıq Qardaşlığı və ya mavi gözlü divlər

Romanda dünyanı yaratmış İşıq Qardaşlığından bəhs edilir.  Öncə Başlanğıc İşıq var idi. Və özü özü üçün işıq saçırdı.  Və iyirmi üçmin işıq daşıyan şüadan ibarət idi. Absolyut Boşluqda mövcud olan bu Başllanğıc İşıq – iyirmi üç min işıq şüası bütün kainatı ulduzları, meteoritləri, kometləri, planetləri o cümlədən Yeri yaratdı. Yer – İşıq Qardaşlığının ən böyük səhvi idi, biologiyadan bəlli olduğu kimi  Yer səthini örtən sudan ilk canlılar yaranmağa başladı. Beləcə İyirmi üç min işıq şüaları  insanlara çevrilirlər. O zamandan bu yana yalnız sarı saçlı, mavi gözlü insanların bədənlərində yer alıblar. İşıq şüaları özləri bilmirlər.Onlar , bu iyirmi üç min işıq şüaları yenidən ayılıb birləşməlidirlər ki, kainatın bağrında qara yara olmuş bu Yer planeti kainatdan silinsin, disharmoniya, anormallıq aradan qalxsın. Yatmış qəlbləri isə 1908-ci ildə Sibirə düşmüş Tunqus meteoritinin buz parçaları ilə oyatmaq mümkündür.  Beləcə 1920-ci illərin sonlarından başlayaraq  ilk ayılmış Bronun vasitəsilə İşıq Qardaşlığının digər yatmış üzvlərinin axtarılıb tapılması prosesləri  başlayıb bizim günümüzə  –iyirmi üç mininci adamın tapılmasına - qədər davam edir.

İnsan- ət maşını

Romanda insanlığa, bəşərin tarixinə İşıq Qardaşlığı üzvlərinin  gözü ilə nəzər yetirilir, insanlar ət maşınları adlandırılır. Bronun oyanandan sonra ilk gördüyü mənzərə meşədə vəhşi bir ayının parçaladığı ana maralın balasını öz balasına yedirtməsi olur. Son illər veqeterianlığa meyl etmiş Sorokin oxucuda ətə qarşı nifrət oyatmağa çalışır; bu amansız dünyada qurbağalar həşəratları, ilanlar qurbağaları, yırtıcı quşlar ilanları yeyir, insan isə ən böyük yırtıcıdır. Onun üçün də qardaşlığın üzvləri təbii, emal olunmamış qida ilə qidalanırlar, yalnız mer-meyvə, bitki toxumları yeyirlər, ancaq su içirlər. Sorokin  insanı yırtıcı kimi qələmə verir. Quranda yaradılmışların əşrəfi kimi vəsf olunan insana “Buz”da tamam fərqli cür baxılır, o hər şeyi yeyib məhv edən yırtıcıdır, anormallıqdır, anomaliyadır və demək ixtiyari anomaliya kimi tarazlığın pozulması, nizamın dağılmasıdır. Bizim planet Kainatın səhvidir, məhvə məhkumdur. Gəlin elə Sorokinin özündən iqtibas edək: “ Əzizim siz anlamaq istəmirsiz ki, bizim planet nə qədər unikaldır, - Volf ona deyirdi. – inanın, Kainatda bunun oxşarı olmayıb və olmayacaq. Başqa planetlərdə bizimlə eyni şüura malik varlıqların, həyatın yeni formalarının olması haqqında mühakimələr cəfəngiyyatdır. Milyardlarla planetlərin heç birində belə həyat yoxdur və ola  bilməz. Yer Kainatda taysızdır, unikumdur. Homo sapiens isə iki dəfə artıq, üç dəfə artıq unikumdur. Və əgər bu belədirsə o zaman Yerə anomaliya kimi, qeyri – adi  planet kimi, Kainatın bədənindəki boşluq kimi baxmaq lazımdır”.

Sovetlər dönəmində İşıq Qardaşlıqı

Trilogiyaya daxil olan  romanlardan “Buz” birinci çap olunsa da,  kitabda “Bro yolu”nun davamı kimi verilir. Bro bilir ki, yenidən Başlanğıc İşıqa qayıtmaq üçün ona- İşıq Qardaşlığının üzvlərinə silah, pul, hakimiyyətin yuxarı dairələrində dayaq lazımdır. Bu dayaq isə Uzaq Şərq OQPU-nun ( Nə qədər axtarsam da abbreviaturanın azərbaycanca açılışını tapa bilmədim. Yəqin oxucu bunu  o qədər də böyük nöqsan saymaz) rəisi ayılandan sonra adı dəyişib İq olan Deribas olur. Bro və Fer qardaşları İqin, dolayısı ilə dövlətin gizli yardımı ilə bütün Rusiya ərazisində axtarışa çıxırlar. “Bro yolu” və “Buz”da açıq aşkar müəllifin Sovet idarə etmə sisteminə qarşı olan neqativ münasibəti hiss olunur.  Sən demə Sovet dövründə laqerlərə göndərilən, güllələnən, repressiyanın qurbanına çevrilənlər heç  də Sovet ideologiyasına qarşı çıxanlar deyillərmiş, onların yeganə günahı İşıq Qardaşlığının üzvləri  olmamaları imiş. Bu yerdə Hüseyn Cavidi  yada salmamaq olmur, bəlkə onu da “əsərlərində pantürkizmə meyl etdiyi üçün” deyil, İşıq Qardaşlığının üvü olmadığı üçün sürgünə göndəriblər.  Əlbəttə ki, bu Sorokinin versiyasıdır, onun 70 illik Sovet dönəminə baxışıdır.

Bunu da qeyd etmək yerinə düşərdi; Sovet dövründə çəkilən bütün filmlərdə, yazılmş romanlarda, poemalarda, pyeslərdə bir qayda olaraq almanlar ən qəddar, ən alçaq, mədəniyyətsiz, əxlaqsız obraz  kimi verilib. Biz indi erməniləri nəyə bənzədiriksə həmən əsərlərdə də almanlar o nəsnələrə bənzədilib. Bəlkə də romanda almanlardan bəhs edən hissəni –Xramın xatirələrini – bir filippinli, amerikalı, perulu və ya çinli oxusa çaşqınlıq hissi keçirməz, lakin “Əsgər atası”, “Sakit üfüqlər”, “Uaq sahillərdə”(mən yalnız ən çox yadımda qalanlarını saydım) filmlərinə bax-baxa böyümüş keçmiş sovet vətəndaşı üçün bu hissələrin üstündən hiss olunmadan, götür-qoy etmədən keçmək mümkün deyil. Xram yadına salır; “almanlar bizim kəndə daxil oldular. Nisbətən yaşlıları kənddə qaldı, Ordunun cavan hissəsi isə daha qabağa Rusiyanın içərilərinə doğru irəlilərdilər. Kənddə qalan almanların ilk işi tualet tikmək oldu. Almanlara qədər bizim kənddə bir dənə belə tualet yox idi, nənəm, babamgil, valideynlərim “ağır iş” üçün evin dalındakı baxçaya, biz balaca uşaqlarla bostana, hara gəldi gedərdik. Almanlar üç il bizim kənddə qaldılar, kimsəyə bir güllə də atmadılar... ”

Ürək və çəkic.

Yadımızdan çıxmamış onu da deyək ki, yatmış ürəkləri oyatmaq  üçün xüsusi buz çəkicdən istifadə olunurdu. Bunun üçün Tunqus meteoriti parçasından emal olunub xüsusi ölçüdə düzəldilmiş buz parçası yalnız və yalnız qocalıb qurumuş ağac budağına öz əcəli ilə ölmüş heyvanın (bununla Sorokin təbiətə olan münasibətini bir daha sərgiləyir, İşıq Qardaşlığı üzvlərinin bu humanizmini, təbiətsevərliklərini gördükdə istər-istəməz onlara qibtə etməli olursan) dərisindən hazırlanmış qaytanla   bərkidilir.  Hazırlanmış həmən buz  çəkiclə ürəyin üzərinə qabırğaya möhkəm döyəclənir,  döyəcləmədən sirkələnib oyanan ürək isə öz həqiqi adını çağırmağa başlayır. Bu cür qeyri-adi üsulla oyanıb öz adını söyləyən adam qardaşlardan birinə çevrilir. “Lax” çıxan adamları isə ya öldürüb meyitlərini it leşi kimi hara gəldi tullayır, ya da özlərinin gizli emalatxanalarında qul kimi işlədirdilər. Qardaşlığa məxsus şirkətin emblemində təsvir olunmuş al- qırımızı ürək və aşağısında haçalanmış buz çəkicləri isə Qardaşlığın rəmzi sayılır.

“Buz”da pornoqrafiya

2002-ci ildə V. Sorokin oxuculardan biri tərəfindən “Buz” romanında pornoqrafiyanı yaydığı üçün məhkəməyə verildi. Lakin ekspertlər romandan pornoqrafiya tapmadıqları üçün iddiaçının vəsadəti təmin olunmadı. Əlbəttə mən burda romanda pornoqrafiya olduğu iddia edilən hissəni verə bilərdim, hətta bəzi misallar gətirib nəyin pornoqrafiya  olub olmadığı haqda öz mülahizəmi də yürüdərdim. Ancaq bu yazı bizim ictimaiyyət üçün nəzərdə tutulduğundan buna cəhd etmirik. Ola bilsin ki, “Buz”dakı seksual səhnələri pornoqrafiya adlandırmaq olmaz, lakin “23000”də Noadunopun koqyarunun başına gətirdikləri əsl pornoqrafiyadır ki var. Nə vaxtsa V. Sorokin Azərbaycan dilinə tərcümə olunsa mütləq “Karamazov qardaşları”nın türkcəyə tərcümədə yaşadığı taleyi yaşayacaq. “Karamazov Qardaşları”nda türklərin Bolqarıstanda xristianların başlarına gətirdikləri “vəhşilik”lərdən bəhs edən hissə türkcə çapda ixtisara salınmışdı. Bəlkə problemin bu cür həlli “Karamazov qardaşları”  üçün keçərli ola bilər, lakin hər şeyin çılpaqlığı ilə verildiyi, hər kəsin öz dili ilə danışdığı bir romanda hansı hissəni  ixtisar edib hansını saxlayasan, bax  bu çox maraqlıdır.

Vladimr+Vaqif

Trilogiyanı oxuyandan sonra müəllifin oxucuya vermək istədiyi mesajlar aydın surətdə hiss olunur.  Dünya necə yaranıb? Dünyanı kim yaradıb? Tanrı varmı? Tanrı nəyə oxşayır? Görəsən dünyada bizdən başqa şüurlu varlıqlar vardırmı? və s. bu kimi əbədi suallara  özünəməxsus şəkildə cavab  verməyə çalışır. Və deyəsən onda alınıb.

İşıq Qardaşlığının üzvləri çox zaman bir-birləri adi insanlar kimi nitq orqanlarının köməyi ilə deyil, ürəkləri vasitəsilə, səssiz, sözsüz danışırlar. Normal ünsiyyət üsulu var ikən Sorokinin nə üçün bu cür qeyri-adi üsula əl atdığını anlamaq olmur. Bəlkə o da  Vaqif Bayatlı Odər kimi düşünür;  ola bilsin ki, həqiqətən   ilahi insanı, qanadlı şəkildə yaradıb, yalnız duyğularla,  səssiz-sözsüz  danışmaq üçün yaradıb.

Ola bilsin...

 

 


Tarih: 14:29, 23/4/2008 Kategori: TENqid
Yorum (yok) | Yorum yaz | Bağlantı

<- Son Sayfa | Sonraki Sayfa ->